Hamı bilsin! - “Çölə çıxsaq, virus evə girəcək” – Evdə Qalın ! 


Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq müxtəlif sahələrdə işlər dayandırılıb. Təbii ki, bu hal sənət dünyasından da yan keçməyib. İstər toylar, istərsə də konsert proqramlarının vaxtı dəyişdirilərək karantindən sonraya saxlanılıb. Teatrlar da fəaliyyətlərini müvəqqəti olaraq dayandıran qurumlar arasındadır.  Buna baxmayaraq bir çox təşkilatlar  “online” layihələr həyata keçirməyə davam edir. Xanəndələr internet üzərindən musiqi sevərlərlə görüşür. Tanınmış müğənnilər rəsmi “Instagram” səhifələrindən canlı yayımlar açır.  Hər gün tamaşalar internet üzərindən tamaşaçılara nümayiş etdirilir. Belə gözəl təşəbbüslərın sayı artmaqdadır. Bütün bunlar xalqa evdə qaldıqları müddətdə müsbət enerji bəxş etmək naminədir.


Biz də "Sherg.az" olaraq  "Bu şəhərdə" prodakşnın yaradıcılarından olan, ssenarist Müşviq Abbasovla danışdıq. Prodüser karantin günləri ilə əlaqədar  təxirə salınan konsert proqramları olduğunu söylədi:

Beş konsertimiz Bakıda , beşi Gəncədə, ikisi Naxçıvanda,  biri Xarkov digəri isə Kiyevdə olmaqla ikisi də  Ukraynada təxirə salındı. Biletlərin hamısı qüvvədə qalıb. Kim istəsə qaytarıb pulunu götürə bilər. Bakı konsertlərini may ayının axırına keçirmişik. Həmin biletlər də etibarlıdır. Mayda da bilet aldıqları konsertə gələ bilərlər. Karantin bitdikdən sonra konsert proqramlarımıza davam edəcəyik. Kim istəsə gələr, kim istəsə biletləri qaytarar və ya dəyişə bilər. Yavaş-yavaş noyabr konserti üçün hazırlaşırıq.Kostyumlarla bağlı danışıqları Vatsap və Skaypla aparırıq. Onlayn görüş də planlaşdırırıq. Yaxın günlərdə edəcəyik”. 

M.Abbasov   bu günlərdə   Cənab Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Bu Şəhərdə" prodakşn adından 5000 AZN  vəsait köçürdüklərini də qeyd etdi:

“Hər bir vicdanlı vətəndaşın  qərarlara riayət etmək borcudur. Çünki nə qədər ki, biz evdəyik virus çöldədir. Çölə çıxsaq, virus evə girəcək. Hamı bunu bilsin!".