“Düşmənin təxribatçı əməlləri təhrikedici məqsəd daşıyır” - Açıqlama

“Amma sərhəddə müharibəni başlatmaq məqsədəuyğun deyil. Qarşı tərəfin həmlələrini soyuqqanlı qarşılamaq lazımdır”




Martın 31- də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma seçkiləri beynəlxalq ictimiyyət birmənalı olaraq rədd edib . Dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə ediblər. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə dünya ölkələrinin məsələyə reaksiyası daha kəskin olub, və bu yöndə verilən bəyanatların sayı artıb. 

Elə isə düşmən tərəfi niyə hələ də öz təxribatçılıq əməlindən əl çəkmir?
 
Sualmızı cavablandıran beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a dünya ölkələrinin Dağlıq Qarabağı faktiki olaraq Azərbaycan ərazisi kimi tanıdıqlarını deyib:

 “Bütün dövlətlər bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.  Hər kəs Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatı keçirmə hüququnun olmasını təsdiqləyir. Münhen konfransı da bir daha göstərdi ki, Dağlıq Qarabağ tarixi cəhətdən bizim ərazilərimizdir. Keçirilən saxta seçkilər oğru psixologiyasına əsaslanıb. Beynəlxalq ictimaiyyətin bunu təqdir etməsini düşünmək absurd idi”. 

 Ekspertin fikrincə, düşmən tərəfi Azərbaycanı cəbhədə müharibəni başlatmasına sövq edir: 

“İstər seçkilər, istərsə də Qazax-Tovuz bölgəsində mövqelərimizin atəşə tutulması,təxribatçılıq əməlləri təhrikedici məqsəd daşıyır. Amma sərhəddə müharibəni başlatmaq məqsədəuyğun deyil. Qarşı tərəfin həmlələrini soyuqqanlı qarşılamaq lazımdır. Çünki Ermənistan öz həmfikirlərinə, o cümlədən Rusiyaya arxayındır”.