Karantin müddəti nə vaxt bitir? - “Qadağalara əməl olunmasa...” – Baş infeksionist DANIŞDI



Aprelin 20-nə kimi elan olunan karantin rejimi koronavirus təhlükəsini aradan qaldıracaqmı? Virus təhlükəsinin aradan qalxması hansı kriteriyalar əsasında müəyyən ediləcək və ya edilməlidir?

Lent.az -ın suallarını ölkənin baş infeksionisti Cəlal İsayev cavablandırıb.

Onun sözlərinə görə, karantin müddəti ayın 20-nə kimi götürülüb ki, bu da iki həftə vaxt deməkdir: "Əgər karantin müddətində deyilən qadağalara tam əməl olunsa, bu iki həftə virusun inkubasiyon dövrünə uyğun gəlir. Yəni bu vaxt müəyyən mənada virusun yayılmasının qarşısını alacaq. Amma indi gərək bu qadağalara əməl olunsun. İnsanlarımız polis gücünə yox, özləri bu qadağaları pozmaqdan imtina etsin, sosial təcrid olunsunlar".

Həkim bildirib ki, sosial təcrid xəstəliyin yayılmasının kəskin sürətdə azalmasına səbəb olacaq: "Hazırda yoluxma sayı artır. Yoluxan xəstə saylarının azalması ilə virus təhlükəsinin azaldığı müəyyənləşdiriləcək. Karantinin ilk dövrləri ola bilsin ki, yoluxmada artım özünü göstərsin. Bu da əvvəllər yoluxan insanların meydana çıxması ilə özünü göstərəcək. Onu da qeyd edim ki, bu virus infeksiyasıdır və xəstəliyin yayılmasının karantin üsulu ilə aradan qaldırılması önəmli vasitədir. Amma virusu tam məhdudlaşdıracağını hələ deyə bilmərik. Görülən tədbirlərin nə dərəcədə həyata keçirilməsindən asılı olaraq bu baş verəcək".

Baş infeksionist deyib ki, əgər sosial təcrid tam olsa, virusun yayılmasının tam dayanmasından danışmaq olar: "Əgər təcrid tam olsa virusun yayılmasının tamamilə dayanmasından danışmaq olar. Amma bizim bir qrup insanımız dövlət əhəmiyyətli işlərdə çalışırlar və buna məcburdurlar. Həyatın davam etməsi üçün onların işləməsi vacibdir. Bu insanlar bir-biri ilə təmasda, ətrafdakılarla təmasda olurlar. İnsanlar həkimə, mağazaya gedir, məcburi ehtiyaclarını ödəmək üçün evdən çıxırlar. Bunları da nəzərə almaq lazımdır. Xəstəliyin yayılmasında bunun rolu ola bilər. Bütün hallarda deyilənlərə əməl etməyimiz xəstəliyin qarşısını almaqda rol oynayır".