“Türkiyədəki azərbaycanlılara 200 lirəlik kupon paylanılıb” – Açıqlama


Oktay Hacımusalı: “Ehtiyacı olan ailələrin ziyarət edilməsi, onların dərdləri ilə maraqlanılması və yerində yardımların göstərilməsi də həyata keçilir”

“Sevindirici haldır ki, bu pandemiya Türkiyədəki azərbaycanlıları bir araya gətirdi. Cənab səfirimizin və dövlətimizin dəstəyi ilə bir-birimizə sahib çıxırıq”




Azərbaycanın Ankaradakı səfirliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə koronavirusla əlaqədar olaraq müəyyən yardımlar göstərir. Bu günlərdə azərbaycanlı tələbələrə 200 lirəlik kupon verilib. 

Türkiyədə yaşayan Azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, Anka Der Azərbaycan Dərnəyi idarə heyətinin üzvü Oktay Hacımusalı “Sherg.az”a bildirib ki, Türkiyədəki soydaşlarımıza kuponun verilməsi dövlətin diqqətinin göstəricisidir:

“Koronavirus pandemiyasından bütün dünya təsirləndi. Türkiyədə yaşayan və fəaliyyət göstərən çoxlu sayda soydaşımız var.  Azərbaycan Respublikasının Ankaradakı səfirliyi vətəndaşlarımıza dəstək məqsədi ilə onların zəruri ehtiyaclarının ödənilməsi üçün 200 lirəlik birbaşa alış-veriş kuponu təqdim etdi. Bu kupon ən zəruri ehtiyacların ödənilməsi üçün xüsusi olaraq təqdim olunub. Türkiyədə yaşayan bütün Azərbaycan vətəndaşları bu kupondan istifadə edə bilərlər. Kupon çətin vəziyyətdə olan insanlara bir az da olsa, kömək edəcək, onlar ən azından zəruri ehtiyaclarını ödəyə biləcəklər. Ona görə də bu addımı təqdir etmək lazımdır”.



O.Hacımusalı qeyd edib ki, dövlətimizin atdığı addım Türkiyə cəmiyyətində də rəğbətlə qarşılanıb:

“Azərbaycan vətəndaşı bilir ki, onun arxasında dövlətimiz və Prezidentimiz var. Eyni zamanda digər ölkələrin vətəndaşları həsədlə baxırlar ki, dövlətimiz öz vətəndaşlarına necə sahib çıxır. Məlumatıma görə Azərbaycan Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, eyni zamanda Azərbaycanın Türkiyədə səfirliyinin birgə xətti ilə Fond yaradılıb. Bu fond Türkiyədə yaşayan azərbaycanlıların məişət problemlərinin həlli ilə bağlı işlər görür. Bu, xüsusilə kommunal xərclərin və kirayələrin ödənilməsi ilə bağlı prosesdir. Görülən tədbir xaricdə yaşayan soydaşlarımız üçün dövlətimizin analoqu olmayan bir yanaşmasıdı.

Ehtiyacı olan ailələrin ziyarət edilməsi, onların dərdləri ilə maraqlanılması və yerində yardımların göstərilməsi həyata keçilir. Məsələn, İstanbul Hava Limanında qalan Dəmirovlar ailəsinin 14 yaşlı üzvü Gülyaz Dəmirova xərçəng xəstəsi idi. O, Ankaraya müayinəyə gəlmişdi və sərhədlər bağlı olduğu üçün İstanbul hava limanında qaldı. Həmin ailəyə dərhal kömək edildi və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi eyni zamanda Azərbaycanın Ankaradakı səfirliyi bu məsələ ilə bağlı ciddi tədbirlər gördü, ailə dərhal Bakıya göndərildi.

Bəzən deyirlər ki, “200 lirə nədir ki?”. Bu vəsait bizim pulla 70-80 manat edir. Məsələ pulda yox, dövlətimizin vətəndaşına sahib çıxmasındadır. Dövlətimiz dar gündə vətəndaşına dayaq olur. Eyni zamanda İstanbuldakı dərnəklərimizə, Türkiyə-Azərbaycan Əməkdaşlıq və Həmrəylik Fondunun Prezidenti Aygün xanıma təşəkkürlərimi bildirirəm.

Hər birimiz vətəndaş olaraq əlimizdən gələni edirik. Təbii ki, hər şeyi dövlətimizdən gözləmək düzgün deyil. Ankaradakı səfirliyimiz də daim əlindən gələni edir. Sevindirici haldır ki, bu pandemiya Türkiyədəki azərbaycanlıları bir araya gətirdi. Cənab səfirimizin və dövlətimizin dəstəyi ilə bir-birimizə sahib çıxırıq”.