Əməkdar artistdən TƏNQİD: “Layiq olmadıqları yerdədirlər, ancaq...”

“...Xoşbəxtlik odur ki, bir mahnı ilə illərlə  seviləsən.  Bax, uğur buna deyərəm”



Son illər Azərbaycan musiqisinə yaraşmayan , ucuz, bayağı xeyli sayda mahnılar eşidirik.  Ən dəhşətlisi də odur ki,  həmin müğənnilər oxuduqlarına janr kimi baxırlar.  Özlərini bənzərsiz musiqimizin bir parçası sayaraq sənətə, sənətkarlığa  iddia edirlər.  Belə olduğu halda sual yaranır. Onlara bu gücü verən nədir, kimdir ? Cavabı isə olduqca sadədir: musiqi zövqü korlanan gənclər, reytinq yığmağa çalışan telekanallar.... Dilettant  müğənnilər reklam olunduqca əsl musiqimiz unudulmağa  başlayır. Əlbəttə  kifayət qədər sənətkarlarımız, şedevr əsərlərimiz var. Əfsuslar olsun ki yeni nəsil həmin sənət  nümunələrini dinləmək istəmirlər.  Onlar bir anlıq əyləncələri üçün zövqsüz, şit, bayağı mahnıları dinləməyə üstünlük verirlər. Beləliklə də həmin müğənnilər məşhurlaşaraq özlərini sənətkar adlandırırlar. Hətta ulduz xəstəliyinə tutulub efirə çıxmaq üçün bir sıra tələblər, şərtlər də irəli sürürlər. 

Bu yaxınlarda isə müğənni Damla verilişlərə onu dəvət etməmələri üçün qadağa qoyub.  Bununla yanaşı, xanım müğənni “Ölkədə meqastar yoxdur” açıqlaması ilə  xalq artisti Faiq Ağayevin sərt tənqidinə tuş gəldi. 

Biz də incəsənət aləmindəki xaotik durumları dəyərləndirmək üçün tanınmış xanəndə, əməkdar artist Almaz Orucova ilə əlaqə saxladıq. Almaz xanım qeyd etdi ki, bir mahnıyla məşhur olmaq olar, amma baxır musiqiyə: 

Bəstəkarlarımızın klassik musiqilərindən  oxuyub tanınmış  da ola bilərlər.  Onlara pis baxmıram. Ancaq zövqlər müxtəlifdir.
 Bilirsiz müvəqqəti  reklam oluna  bilərlər. Bir, üç, beş  il və ya bir ay reklam olunub özünü ulduz saya bilərlər. Amma yenə də qeyd edirəm, mahnının müddəti var. Biraz efirdən uzaqlaşan kimi yaddaşlardan silinəcək. Zaman özü dərmandı. Hər şeyi yoluna qoyacaq. Məsələn,  "Dönə-dönə" mahnım var.  20 ildir ki, hara getsəm, oxumağımı istəyirlər. Hər sənətçinin bir məşhur  mahnısı olur.  O ifası  sevilib yaşayırsa deməli yaxşıdır. Amma bu gün üçün deyə bilmərəm. Çünki indi reklam sayəsində yüksəlirlər. Layiq olmadıqları yerdədirlər.  Ancaq xoşbəxtlik odur ki, bir mahnı ilə illərlə  seviləsən.  Bax, uğur buna deyərəm”

Verilişlərə qoyulan dəvət qadağaları mövzusuna da toxunanan xanəndə layiq olan sənətçilərin qonaq olmasını istədiyini söylədi:

 “Gözəl musiqini təbliğ etsinlər. Qadağa nə dərəcədədir bilmirəm. Amma biz də dəvət alırıq. Elə verlişlər var ki, getmirəm. Soruşmuram  kim var, kim yox. Sadəcə təklifi rədd edirəm. Əgər hər hansı verlişdə  musiqinin dəyəri yoxdursa,  elə ora gedilməsə, daha yaxşı olar”.