“...Türk dünyası siyasi virus olan işğalçı Ermənistana qarşı da həmrəy olsun” – Müsahibə

Nizami Cəfərov: "Bütün türk ölkələrinin rəhbərləri cənab İlham Əliyevin sözünə çox böyük hörmət göstərirlər, etimad edirlər”

“Prezidentimizin liderliyi ondadır ki, həm ölkə daxilində, həm türk dünyasında, həm də dünya miqyasında bütün iddialarını işi ilə sübut edir”



“Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəylik və əməkdaşlığa ehtiyacı var”. Bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib. Dövlət başçısı vurğulayıb ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir:
“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir: “Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən Zirvə görüşünün əhəmiyyətini “Sherg.az”a dəyərləndirən millət vəkili, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov türk dünyasını bir araya gətirən tədbirlərin çox önəmli olduğunu söyləyib. Deputat bildirib ki, müstəqillik əldə etdikdən, daha doğrusu Ümummilli lider Heydər Əliyevdən sonra türkdilli dövlətlərə liderliyi məhz Azərbaycan həyata keçirir:

Bu görüşü çox yüksək qiymətləndirirəm. Əvvəlcə onu deyim ki, artıq formalaşmış “türkdilli dövlətlər” anlayışını türk dövlətləri kimi qəbul edirik. Düzdür, terminologiyada bu söz bəzən qəbul olunmur. Amma hamı bilir ki, burada söhbət türk dövlətlərindən gedir. Türk dünyasında dövlət başçısı İlham Əliyevin liderliyi qəbul olunur. Çünki Azərbaycanın və xüsusən Prezident İlham Əliyevin liderliyi ilə türk dövlətləri arasında müxtəlif səviyyəli əlaqələrin yaranması, münasibətlərin inkişafı üçün lazımi tədbirlərin görülməsi çox intensiv şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə Azərbaycanın öz beynəlxalq miqyasdakı imkanları və gücü özünü göstərdi. Həm də türk dünyasındakı nüfuzu bir daha təsdiqləndi. Pandemiya bütün insanlığa, bəşərə qarşı təhlükədir. Məhz bu məqsədlə dövlət başçısının sadəcə təşəbbüsü ilə deyil, eyni zamanda yüksək təşkilatçılığı ilə dünyanın diqqət mərkəzində olan belə mühüm görüş keçirildi. Bu tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının rəhbər şəxsləri də iştirak edirdi. Onlar da Azərbaycanın belə bir məqamda bu cür görüş təşkil etməsini çox yüksək qiymətləndirdilər. Prezidentimizin təklifinin qısa zamanda digər dövlət rəhbərləri tərəfindən qəbul olunması da mühüm məsələdir. Bu konfrans həm türkdilli dövlətlərin birliyini önə çəkmək, həm də bəşəri problemdə türk dünyasının oynadığı mühüm rolu qabartmaq baxımından önəmlidir. Əlbəttə, koronavirus gəldiyi kimi gedəcək. Amma türkdilli dövlətlərin birliyi üçün bu bəla bir sınaq oldu. Sübut olundu ki, belə vaxtda Prezident İlham Əliyev türk dünyasına liderlik funksiyasını yüksək səviyyədə həyata keçirir. Çox arzu edərdim ki, türk dünyası koronavirusa qarşı birləşdiyi kimi siyasi virus olan işğalçı Ermənistana qarşı da həmrəy olsunlar.

 - Görüşdə vurğulandı ki, Azərbaycan türk dünyası üçün həm mənəvi, həm də coğrafi baxımdan birləşdirici rol oynayır...

 - Bu məqam cənab Prezidentin çıxışında bir daha vurğulandı. Dövlət başçısı ümumən bəyan etdi ki, Azərbaycan keçid coğrafiyasında yerləşdiyi üçün bütün tranzitlərə nəzarət edir. Türkiyə ilə Orta Asiya arasındakı əlaqələr Azərbaycandan kənarda həll oluna bilməz. Bizə bu önəmli funksiyanı tarix və taleyimiz verib. Azərbaycanla hesablaşmadan türk dünyasında Şərqə və Qərbə hərəkət imkanları məhdudlaşır. Türk dünyası Azərbaycanın oynadığı birləşdirici rol sayəsində həmrəylik nümayiş etdirir. Bütün türk ölkələrinin rəhbərləri cənab İlham Əliyevin sözünə çox böyük hörmət göstərirlər, etimad edirlər. Elə buna görə də tərəddüd etmədən Prezidentin görüş təklifinə dəstək verdilər. 

 - Dövlət başçısı bir məqama da toxundu ki, pandemiya şəraitinə baxmayaraq, Azərbaycan türk dövlətləri arasında yükdaşımanı həyata keçirir. Sizcə, bu fədakarlıq türk dünyası üçün nə qədər mühümdür?

 - Türk dünyasının lideri olmaq məhz bu cür davranış sərgiləyə bilməkdən keçir. Azərbaycan ən riskli zamanda belə türk dünyası arasındakı əlaqənin, inteqrasiyanın kəsilməsinə imkan vermir. Prezidentimizin liderliyi ondadır ki, həm ölkə daxilində, həm türk dünyasında, həm də dünya miqyasında bütün iddialarını işi ilə sübut edir. Yəni türk dünyası və ümumən insanlıq üçün hansı işlər görülməlidirsə, dövlət başçısı tərəddüd etmədən onu həyata keçirir. Eyni zamanda ortaya bir nümunə qoyur ki, məhz bu cür davranmaq lazımdır. Ümumiyyətlə, Azərbaycan Prezidenti bu işləri hər zaman həyata keçirir. Bunu görmək üçün bizə hansısa fövqəladə vəziyyət lazım deyil. 

 - Tədbirdə bir sıra təkliflər də gündəmə gəldi. Bəyan edildi ki, bundan sonra türk dövlətlərinin səhiyyə nazirləri və digər struktur rəhbərləri arasında da bu tipli görüşlər keçirilsin. Buna münasibətiniz necədir?  

 -  Şübhəsiz, bu formada istənilən qurumlar arasında görüşlər keçirilə bilər. Əsas odur ki, dövlət başçısı ortalığa gözəl bir nümunə qoydu. Bundan sonra türk dövlətlərinin təmsilçiləri müxtəlif formada bir araya gələrək pandemiya əleyhinə mübarizədə ortaq hərəkət edə bilərlər. Bu da çox mühüm məqamdır.