Hüquq müdafiəçisi Bəşirqizını QINADI: “Mənəviyyatımıza uyğun deyil”

“Afaq xanım rayonlardan gələnlərlə bağlı da sərt fikirlər səsləndirmişdi. İndi də canlı yayında etikaya uyğun olmayan ifadələr işlədir. Bu, yanlış davranışdır”




Xalq artisti Afaq Bəşirqızı son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşmür.  Bu yaxınlarda aktrisanın müsahibələrindən birində dediyi "Rayondan gəlib, "padyez"də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir" sözləri qalmaqala səbəb olmuşdu. 

Ötənlərdə isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrə görə, xalqı artisti ictimiayətin sərt tənqidinə tuş gəlib. Hətta MTRŞ bu sözlərə görə telekanalın yayımını aprelin 21-də 6 saatlıq dayandırıb.

Bu qalmaqallardan sonra A.Bəşirqızı İnstaqram səhifəsini bağlayıb. Aktrisa 21 mindən çox izləyicisi olan profilindən bütün paylaşımlarını silib. O, profilin adını dəyişərək "meduzatime" edib. 

Baş verənləri “Sherg.az”a şərh edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu xalq artistinin son zamanlarkı davranışlarının düzgün olmadığını deyib. Hüquq müdafiəçisi bildirib ki, canlı yayımda söyüş söymək yanlışdır:

“Hər dəfə rusiyalı siyasətçi Vladimir  Jirinovski telekanalda canlı yayında söyüş söyür. Amma o demək deyil ki, biz də belə etməliyik. Bütün bunlar mənəviyyatımıza uyğun deyil. Afaq xanım bu yaxınlarda rayonlardan gələnlər bağlı da sərt ifadələr səsləndirmişdi. Halbuki, fikirlərini başqa cür çatdıra bilərdi. Həqiqətən bu gün Bakıya bütün rayonlardan gələnlər var. Onlar pis vəziyyətdə yaşayırlar və acınacaqlı durumdadırlar. Amma bu o demək deyil ki, rayon camaatı təhqir olunmalıdır. Canlı yayında etikaya uyğun olmayan ifadələr səsləndirmək isə yanlış davranışdır”.