Milli Qəhrəmanın atası Prezidentə yazır: “Sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram ” 



Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Qubadlı rayonundan Milli Qəhrəman atası Nəriman Həmidov ölkə başçısına yazır:

 “Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci il dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun!”.