Korona sovuşmayıb: “Müharibə bitdi” elanı verilmədən “post”u tərk etməyin!”

“Hər kəs bu gözəgörünməz düşmənin əks hücumuna hazır olmalıdır” 



“Koronavirus pandemiyasına qarşı dövlətimizin apardığı qabaqlayəcı tədbirlər nəticəsində başqa dövlətlərlə müqayisədə biz bu qlobal bəlada minimum itgilər verdik”. 

Bunu “Sherg.az”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunün müdiri Anar Qasımlı deyib.

Vəkil bildirib ki, istər virusa yoluxanların, istərsə də virusdan ölənlərin sayı bunu deməyə əsas verir: 

“Bütün bunlara məktəblərin vaxtında bağlanması, sərhəddən keçənlərin ciddi yoxlanması, ticarət və ictimai iaşə obyektlərinin, məişət və digər növ xidmət göstərən obyektlərin fəaliyyətinin məhdudlaşdırılması, mərhələli sərtləşdirmə ilə karantin rejiminin elan olunması, vətəndaşların maarifləndirilməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və karantin rejimini pozanlara qarşı hüquq müstəvisində aparılan mübarizə nəticəsində nail olmağı bacardıq. Dövlət başçımızın nəzarəti altında görülən bu işlər öz müsbət təsirini verdi. Artıq müvafiq beynəlxalq təşkilatlar, habelə xarici dövlətlərin rəsmiləri də Azərbaycanın koronovirusla mübarizə modelini təqdir edən açıqlamalar verirlər. Təbii ki, xalqımızın da rolu böyük oldu. Vətəndaşlarımızın bir qismi ilk vaxtlarda pandemiyaya qarşı mübarizə tədbirlərinə laqeyd münasibət bəsləsələr də, qısa müddətdə nizam-intizam bərpa olundu və evdə qal çağırışı hər kəsin şüarına çevrildi”. 

Anar Qasımlıya görə, statistika göstərdi ki, artıq ölkəmizdə koronavirusun inkişaf dinamikası geriyə doğru gedir, yəni, sağalanların sayı artır, yoluxanların sayı azalır və ölümlər minimuma enir: 

“Belə olan halda karantin rejiminin yumşaldılması istiqamətində müəyyən addımlar atıldı və şərtlər bir qədər yumşaldıldı. Bəzi ticarət obyektlərinin fəaliyyətinə icazə verildi, vətəndaşların sms icazə vasitəsilə evdən çıxmaları müddəti bir saat artırıldı. Eyni zamanda əhaliyə xəbərdarlıq edildi ki, hər an yenidən sərtləşmə ola bilər. Karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi hər hansı bir vəzifəli şəxsin subyektiv mülahizəsindən asılı deyil. Bu real vəziyyətlə bağlıdır. Təəssüf ki, yumşalma prosesinə start verildikdən sonrakı gündəlik statistik rəqəmlər göstərir ki, yumşalma tətbiq ediləndən sonra yoluxanların sayında artım var. Bu isə o deməkdir ki, təhlükə hələ tam sovuşmayıb, hər an ikinci dalğa gələ bilər. Ona görə də heç kim özünün, yaxınlarının, çevrəsinin taleyinə biganə yanaşmamalı, özünə mümkün olduğu qədər maksimum məhdudiyyətlər tətbiq etməli, ən azı yumşalmadan əvvəlki qaydada davranmalıdır”. 

Vəkilin sözlərinə görə, şəxsi gigiyena qaydalarına riayət etmək, zərurət olmadan evdən çıxmamaq, təmasda olduğu insanlarla məsafə saxlamaq, qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmək zəruridir: 

“Heç kim arxayın olmamamlıdır. Heç kim düşünməməlidir ki, artıq təhlükə sovuşub. Hər kəs bu gözəgörünməz düşmənin əks hücumuna hazır olmalıdır. Koronavirusla mübarizə təkcə inzibati resurslarla həyata keçirilə bilməz. Hər birimiz özümüzü bu mübarizənin əsgəri hesab etməliyik. Bir əsgər kimi həm özümüzü, həm xalqımızı, həm də dövlətimizi qorumalıyıq. Heç kim “müharibə bitdi” elanı verilmədən “post”unu tərk etməməlidir”