Ekspert: "Yolların çökməsi bir çox hallarda su kanallarının partlamasına görə olur"


Bakıda avtomobil yolu çöküb. Hadisə Nizami rayonunun Mehdi Abbasov küçəsində baş verib.

Asfaltın çökməsi nəticəsində yolun bir hissəsində hərəkət dayanıb.

İlkin ehtimala görə, çökmənin baş verməsinə səbəb yer altında olan su borusunun partlamasıdır.

Xatırladaq ki, bir müddət əvvəl eyni ərazidən təxminən 10 metr məsafədə də yol çökmüşdü.

 Əgər eyni yol bir neçə dəfə çökürsə, daha zəhmət, vəsait sərf etməyin nə mənası var?  

  Məsələ ilə bağlı "Sherg.az"a danışan nəqliyyat eksperti, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubovun sözlərinə görə, yolu çəkərkən bir sıra amilləri nəzərə almaq lazımdır:

"İlk növbədə yolun xəritəsini hazırlamaq lazımdır. Geoloji göstəriciləri, relyefi nəzərə almaq mütləqdir. Kommunikasiya xətlərinin yanında yol çəkilməlidirsə, daha diqqətli və məsuliyyətli olmaq şərtdir. Həm də təmirdən sonra  mühəndislər yola nəzarət etməlidirlər. Düzdür, son illər ölkədə yol təsərrüfatı özünü doğruldur. Amma, görünür, bəzi hallarda işinə laqeyd yanaşanlar da var".
  
 Ekspert problemin həll üçün çıxış yolu da göstərdi: "Mən təklif edərdim ki, AzərSu- nun nəzdində də yollara nəzarət edən bir briqada formalaşsın. Çünki yolların çökməsi bir çox hallarda su kanallarının partlamasına görə olur. Ola bilsin, AzərYol-un gücü çatmır. Dəməli, ona kömək lazımdır".