190 manat üçün müraciət edənlərə maşın "hədiyyə edilir" - Texniki çatışmazlıq, yoxsa...?   


Ərşad Hüseynov: "Dövlət orqanlarının əlaqələri arzuolunan səviyyədə qurulmayıb"

"Lakin sakinlərin yaşayış ünvanına, doğum tarixinə baxaraq asanlıqla problemi həll etmək olar"




COVİD-19 virusu ilə əlaqədar olaraq Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Bunu nəzərə alaraq dövlət  vətəndaşlara 190 manat məbləğində birdəfəlik yardım olunması ilə bağlı qərar qəbul edib. Onlayn qaydada qeydiyyatdan keçən vətəndaşlara ya həmin məbləğ təyin edilir, ya da müəyyən səbəblər göstərilərək imtina olunur. Son 3 gün ərzində belə müraciətlərin sayı çoxalıb.


Şikayətçilər bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlara göndərilən imtina mesajlarında özlərinin, yaxud ailə üzvlərinin adına bir və ya bir neçə avtomobil olması bildirilir. Buna görə də onlar üçün 190 manat məbləğində birdəfəlik yardım təyin olunmur. Amma məsələ heç də avtomobil olmasına görə yardımın təyin edilməməsi deyil. Maraqlıdır ki, müraciət edən şəxslərin özlərinin və ailə üzvlərinin ya ümumiyyətlə avtomobili yoxdur, ya da qarışıqlıq var. 



"Sherg.az" saytı olaraq məsələni aydınlaşdırmaq üçün nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynovla əlaqə saxladıq. Onun fikrincə, sözügedən səbəb ümumi imtinaların çox cüzi hissəsini təşkil edir:

"190 manatın verilməsi ilə bağlı çox vətəndaşa imtina cavabı verilir. Səbəblər müxtəlifdir. Daha çox pay torpağı, VÖEN amilləri qeyd olunur. Adına avtomobil olan adamlara 190 manatın verilməməsi, bəlkə də, mənfi cavab alanların bir faizini təşkil edir. Digərlərindən xəbərim yoxdur, amma avtomobil məsələsi ilə bağlı ciddi problemlər və səbəblər var". 

  Bu məqamlardan danışan ekspert bildirdi ki, ən əsas çatışmazlıq texniki nüanslardır: "Bir sıra hallarda vətəndaşların adları, soyadları, ata adları eyni olur. Ona görə da çaşqınlıq yaranır. Lakin sakinlərin yaşayış ünvanına, doğum tarixinə baxaraq asanlıqla problemi həll etmək olar. Digər bir tərəfdən isə dövlət orqanlarının əlaqələri arzuolunan səviyyədə qurulmayıb". 

  Ə. Hüseynov digər obyektiv və subyektiv səbəblər barədə də məlumat verdi:

"Respublikada təxminən 100 min istifadəyə yararsız avromobil var. Halbuki bu maşınlar müxtəlif adamların adına dövlət reyestrindən qeydiyyatdan keçiblər. Ola bilsin, kimsə illər əvvəl avtomobil alıb, amma  indi həmin nəqliyyat vasitəsi metal parçasından başqa bir şey deyil, heç bir avadanlığının sağlığından söhbət gedə bilməz. Deməli, təzadlı vəziyyət yaranır: faktiki olaraq adamın avtomobili olmasa da, dövlət reyestrində aparılmış qeydiyyat bunu təkzib edir".

  Hüquqşünasın fikrincə, maarifləndirmə işləri zəif aparıldığına görə, bəzən insanlar kor- koranə addımlar atır, yanılırlar:

"Elə olur ki, hansısa vəzifəli şəxs kasıb qonşusunun, dostunun, tanışının adına avtomobil alır. Həmin adam bir neçə vərəqə imza çəkməklə bəzən özü də bilmədən özünə problem yaradır. Çünki sənədə imza atdığı andan etibarən o, avtomobil sahibi kimi qeydiyyatdan keçir. Faktiki olaraq isə maşını sürən başqasıdır. Digər məqam etibarnamə ilə əlaqədardır. Etibarnamə satış demək deyil. Bəziləri bunu səhv anlayırlar. Bilmək lazımdır ki, etibarnamə ilə maşın sürən şəxs onun sahibi deyil. Yəni maşını kimin sürməsindən asılı olmayaraq, onu  etibarnamə ilə verən şəxs dövlət reyestrində qeydiyyatda qalır". 

 Nəqliyyat eksperti onu da əlavə etdi ki, bu problemlərdən çıxış yolu təbliğat və təşviqatdadır:

 "Əvvəla, dövlət orqanlarında avtomobillərin "çıxdaş"ı aparılmır. Yəni nə qədər maşının istifadəyə yararlı, nə qədərinin yararsız olması ilə bağlı konkret bir statistika yoxdur. Bununla yanaşı, dövlət qeydiyyatı operativ surətdə həyata keçirilməlidir. Həmin prosesdə şəffaflaşdırma aparılmalıdır ki,  insanlar rahatlıqla mülklərini dövlət qeydiyyatına salsınlar. Maşınların etibarnamə ilə verilməsinin əsas səbəbi də elə qeydiyyata alınan zaman yaşanan çətinliklərdir. Əgər neqativlər həll olunsa, etibarnamə ilə maşın sürənlərin də sayı azalar".