Zeynal Məmmədli: "Media təkcə nailiyyətləri yox, həm də problemləri deməlidir"  


Bu gün  beynəlxalq aləmdə  söz və mətbuat azadlığı günü kimi qeyd olunur.
1993- cü ildə BMT Baş Assambleyasının qərarı ilə təsdiqlənən gün Azərbaycan üçün də əlamətdardır. 

   1991-ci ildə Nabiyanın Vindhuk şəhərində qəbul edilən bəyənnamin (Vindhuk bəyannaməsi) əsasında təsis edilən bu gün mətbuatın azad və müstəqil olmasını nəzərdə tutur. 

 Hələ əsrlər əvvəl azərbaycanlı siyasi lider, böyük jurnalist M.Ə. Rəsulzadə yazırdı: "O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun".

 Bütün dövrlərdə söz və mətbuat azadlığına xüsusi diqqətlə yanaşılıb,  onun əhəmiyyəti yüksək qiymətləndirilib. Bu əlamətdar günlə bağlı "Sherg.az"a fikirlərini bildirən media eksperti Zeynal Məmmədli dedi ki, dar gündə, çətin vaxtda mətbuatın rolu daha aydın olur:

"Koronavirus pandemiyası dövründə həkimlər və müəllimlərlə yanaşı, jurnalistlər də ön cəbhədə mübarizə apardılar. Həmişə belə olub- fövqəladə hadisələr zamanı informasiyaya tələbat artıb. Bu tələbatı isə yalnız peşəkar jurnalistlər ödəyə bilir. Onlar doğru,  dəqiq xəbərlərlə həm də dezinformasiya yayanlara qarşı mübarizə aparırlar. Fors- major hadisələr zamanı ajiotaj yaratmaq məqsədilə yalan məlumat tirajlayanlar da çoxalır. Amma peşəkarlar özlərinin obyektivliyi ilə belələrinə qarşı kəskin mövqedə dayanırlar. Bu gün onların bayramıdır"

 Z. Məmmədlinin fikrincə, media çatışmazlıqları aşkar edərək onların həllinə çalışmalıdır:

"Təkcə nailiyyətləri yox, həm də problemləri demək lazımdır. Jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, problemləri aşkarlayıb, ortaya qoymalıdır. Söz və mətbuat azadlığının əsas məqsədi də bundan ibarətdir. Ümumiyyətlə, demokratiyanın əsas göstəricisi söz və mətbuat azadlığıdır".