Sosioloqdan SOS ! - “Qadın qatillərini “qəhrəman” adlandırırlar” – Psixoz şiddətlənir !

“Hüquqda xəyanət, əxlaq və digər mental ünsürlər mövcud deyil”

“Hüquq konkret olaraq deyir ki, heç kimin heç kimi qətlə yetirmək haqqı yoxdur”







Abşeron rayonunda dəhşətli qətl hadisəsi törədilib. 7 aylıq hamilə qadın əri tərəfindən boğazı kəsilərək qətlə yetirilib. 
İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib. Hadisə vaxtı cütlüyün azyaşlı övladı da onların yanında olub və qətlə şahidlik edib.
Baş verənlərlə bağlı “Sherg.az”a danışan sosioloq Sahib Altay ölkəmizdə məişət zorakılığının geniş vüsət aldığının bildirib. 
Onun sözlərinə görə, neqativ hadisələrin baş verməsi üçün müxtəlif səbəblər ola bilər, amma zorakılıq halları cinsi diskriminasiyanın və cinsi dominatlığın fonunda yaşanır:

“Tarixən qadına qarşı münasibət birmənalı olmayıb. Ümumiyyətlə, qədim mədəniyyətimizdə qadına fərqli yanaşma olub. Sonradan mədəniyyətimizə müxtəlif mədəniyyətlər qarışdı, işğallar oldu, köçərilik və digər səbəblər cinsi diskriminasiyanı formalaşdırdı. Təbii ki, burada maddi və sosial səbəblər də var. Ola bilər ki, kimlərsə mənim fikrimə əks olaraq baş verən hadisəni azğınlaşma, psixoloji gərginlik adlandırsın. Ən çox əsas gətirilən isə xəyanət və qısqanclıqdır. Amma bütün bunlar ölümə səbəb olacaq əsaslar deyil. Xüsusi olaraq ailə münaqişəsi cinsi diskriminasiyanın fonunda baş verir. Yəni bir kişi qadını qətlə yetirirsə, onu psixoloji və fiziki şiddətə məruz qoyursa, deməli toplum həmin kişiyə belə bir haqqı verib. Hansısa qadın xəyanət edəndə əri tərəfindən öldürülür, döyülür, söyülür. Bəs, kişi xəyanət edəndə qadın niyə onu edə bilmir? Çünki toplum olaraq qadına belə bir haqq verilməyib. Cəmiyyətimizdə cinsi diskriminasiya mövcuddur. Qadının həm ailədə, həm də ictimai həyatda kişidən sosial asılılığı var. Ortada ciddi mentalitet məsələsi də mövcuddur. Təbii ki, tarixi işğalların doğurduğu psixoz vaxtilə qadının kişiyə sığınmasına gətirib çıxardı. Bəzən sual verilir ki, həmin işğallardan neçə yüz il ötüb, onun bu günə nə aidiyyəti var? Aidiyyəti isə budur ki, işğallardan sonra cəmiyyətləşmə və millətləşmə prosesi, ictimai sosial fəaliyyətin psixoloji formulunu görməmişik. Ona görə də həmin travmalar bizdə qalıb”.

 

“Hansı toplumlarda cinsi diskriminasiya varsa, orada tarixin bütün dövrlərində psixoloji və fiziki şiddət mövcud olub”

Sosioloq qeyd edib ki, bu gün bizə milli olaraq sırınan mentalitetin əksər məsələlərə heç bir aidiyyəti yoxdur. Hamısı tarixi işğallar nəticəsində bizə ərəblərdən, farslardan, fərqli toplumlardan sırınmış elementlərdir:

“Bu formalaşma da cəmiyyətdə cinsi diskriminasiyaya gətirib çıxarır”.

Qobuda baş verən hadisəyə gəlincə, S.Altay bildirib ki, hansı toplumlarda cinsi diskriminasiya varsa, orada tarixin bütün dövrlərində psixoloji və fiziki şiddət mövcud olub:

“Sadəcə texnologiya və innovasiya vasitələri bugünkü səviyyədə inkişaf etməmişdi deyə, informasiya qıtlığı var idi. Ona görə də cinsi zəmində baş verən neqativ hadisələr o qədər də gözə çarpmırdı. Bu gün isə informasiya sahəsi genişlənib. Azərbaycanda baş verən hadisə bir saniyə ərzində Amerikaya çatır. Neqativ hallar evdəki maddi-sosial vəziyyətlə əlaqədar yaranan gərginlikdən də baş verir. Gərginliklər işsizlikdən, mentalitetlə bağlı ailələr arasında və valideynlərin doğurduğu gərginlikdən yaranır.  Azərbaycan insanı tam olaraq yüklənir, öncə özü psixoloji şiddətə məruz qalır, daha sonra psixoloji şiddəti zəif tərəfin üzərinə yükləyir. Bu da məişət zorakılığına gətirib çıxarır. Qadını qətlə yetirən kişi əvvəlcədən psixoza tutulur, o psixozdan azad olmaq üçün zəif tərəfi vurmaqla özünü rahatlaşdırmaq istəyir”.

Sosioloqun qənaətincə, hazırda ölkəmizdə məişət zorakılığı zəminində baş verən qadın qətillərinin əksəriyyətində maddi-sosial vəziyyətdən doğan psixoz rol oynayır:

“Qatil münaqişə zamanı normal vəziyyətdə olmur. Hər kəsin psixologiyası eyni deyil. Qobuda baş verən hadisə tamamilə üzücüdür. Bu olanları bir qadının  başına gəlmiş hadisə kimi yox, ümumilikdə toplumun adına qiymətləndirirəm. Səbəb cinsi diskrimansiyadır”.

S.Altayın fikrincə, təhsil sistemimizdə layihələr tərtib olunmalıdır. Sırf gender məsələsi ilə bağlı dərslər keçirilməli, toplumun qarşısında sosial layihələr, seminarlar təşkil olunmalıdır:

“Mütəmadi olaraq mətbuatda, televiziyalarda bu mövzu qabardılmalıdır. Bu gün bir nəfər qətlə yetirildi və hadisə bir nəfərin faciəsi kimi qiymətləndirilməməlidir. Məsələ qətlin olub-olmaması deyil, həmin qətldən doğan və ətrafa təlqin olunan psixoz var ki, gələcəkdə çox pis nəticələrə gətirib çıxaracaq. Elə bir vəziyyət yaranacaq ki, artıq insanlar ailə qurmaq istəməyəcəklər. Qadın tərəfindən kişiyə qarşı inamsız münasibət formalaşacaq. Hər şeyi mentalitetin üzərinə yıxmaq düzgün deyil. Onsuz da mentalitetdən əlavə dövlətin görəcəyi işlər var. Vətəndaşlar sosial rifahi ciddi ailə problemlərinə gətirib çıxarır. Dövlət belə neqativ halların baş verməməsi üçün həm sosial baxımdan, həm də düşüncə olaraq insanlara yardım etməlidir. Dövlət bu prosesi ikitərəfli aparmasa, problemlərin qarışısını almaq mümkün olmayacaq. Bütün bunlar birbaşa olaraq dövlətin borcudur. Çünki dövlətin təsis etdiyi bir qurum var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Bu gün həmin komissiyanın işi nədən ibarətdir? Onlar heç bir iş görmürlər. Nə erkən nigahı faktlarını aradan qaldırmaqda sosial layihə həyata keçirirlər, nə qadın qətllərində, nə də digər məişət zorakılığında işlər görürlər”.

Sosioloq bildirib ki, toplum məişət zorakılığına gətirən bəzi səbəblər var ki,  ona haqq verir:

“Məsələn, “qeyrət-namus” deyib, əxlaqsızlığın, xəyanətin fonunda baş verən məişət hadisələrinə, qadın qətillərinə haqq verib, qatilləri “qəhrəman” adlandırırlar. Hüquqda xəyanət, əxlaq və digər mental ünsürlər yoxdu. Hüquq konkret olaraq deyir ki, heç kimin heç kimi qətlə yetirmək haqqı yoxdur. Amma hüququmuzda ənənənin və mentalitetin təsiri olduğu üçün adətən xəyanət və yaxud əxlaqsızlıqla bağlı baş verən hadisələrdə qatilin cinayət işində yumşaldılma sərgiləyirlər. Bu da yanlış düşüncədir. Fiziki şiddət fonunda baş verən hadisələr var ki, məişət zorakılığına daxildir və bu hadisələr təkcə fiziki şiddətlə bitmir. Psixoloji şiddətin  fonunda baş verən və  üzə çıxmayan nə qədər hadisələr var.  Bu problemlər dövlət səviyyəsində həll olunmalıdır. Məsələnin başqa çıxış yolu yoxdur”.