Zərurət yaranıb: “Böyük şəhər bələdiyyələri formalaşdırıla bilər” - İDDİA

Korrupsiya, rüşvət, yeyinti hallarına yol verən, azğınlaşaraq hətta aztəminatlı ailələrin ərzaq bağlamalarına da göz dikən icra başçıları, icra nümayəndələri işdən azad edilir, məsuliyyətə cəlb olunur. İcra orqanları rəhbərləri ilə bağlı həyata keçirilən sərt tədbirlər yerli özünüidarəetmə orqanı - bələdiyyələrə diqqəti artırıb.

Cəmiyyətdə belə bir rəy formalaşır ki, icra hakimiyyəti strukturu ya tamamilə ləğv edilməli, ya da səlahiyyətləri kifayət qədər azaldılmalı, əvəzində yerli idarəetmədə daha çox bələdiyyələrə üstünlük verilməlidir.   

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında son günlər icra hakimiyyətləri ilə bağlı həyata keçirilən sərt tədbirlər fonunda bələdiyyələrin vəzifələrinin və səlahiyyətlərinin artırılması qənaətinin xeyli möhkəmləndiyini bildirdi: 

- İlk növbədə bunu vurğulamaq istəyirəm ki, həbs edilənlər və digərləri niyə vaxtında fikirləşmədilər ki, axı onlar Prezdentin də söylədiyi kimi, bilavasitə xidmətçisidirlər?! Ölkə başçısına verdiyi sözü tutmamaqla, əksinə şərəfsizliyi, rüşvətxorluğu, qaniçənliyi davam etdirdilər. Hər halda istintaq prosesi və sonda məhkəmə onların bu nankor fəaliyyətinə qiymət verəcəkdir. Ancaq məni maraqladıran odur ki, bu proses davam etdikcə, icra strukturuna olan inam və etimad sıfıra bərabər olacaq, nəticədə isə yerli icra strukturunun bir sinif kimi ləğvinə gətirəcəkdir. O zaman isə ölkəmizdə regional idarəetməyə keçid formalaşdırıla, sonda isə bu inzibati ərazi vahidlərində idarəetmə seçkili orqana həvalə edilə bilər. Yəni istər Bakıda, istərdə regionlarda böyük şəhər bələdiyyələrinin formalaşdırılması gerçəkləşdirilə bilər. Bizim əsas təklifimiz böyük şəhər bələdiyyələrinin təsis edilməsidir. Hadisələr göstərir ki, yerli icra strukturlarının yenilənməsinə həqiqətən də ciddi zərurət yaranıb. 




“Hər halda yerlərdə hakimiyyətin bələdiyyələrə verilmə zamanı yaxınlaşır”

V.Tofiqli qeyd etdi ki, bələdiyyələrin büdcələrində olan pulu icranın adından xərclətdirənlər, icranın saytına daxil olub öz tərcümeyi hallarını yenidən oxuya bilmirlər, əziyyət çəkirlər, özlərinə sığışdırmırlar: 

- Elə icra başçılarına tövsiyə edərdim ki, indidən qara maskalıları gözləməsinlər, özlərini vaxtında təslim etsinlər. Onda bu məqam məhkəmədə də yüngülləşdirici hal kimi qəbul edilər. Onu da deyim ki, bu gün sadə vətəndaş Prezidentinin yanındadır və onun bu addımını alqışlayır. 
Ancaq Regional idarəetməni isə iqtisadi rayonlar üzrə yaradılması daha məqsədəuyğun hesab etmək olar. Lakin bu sistemə keçildiyi halda əvvəllər yaradılan mərkəzi icra strukturlarının regional idarələri də məhz bu sistemə uyğunlaşdırılmaldır.

“Bu gün ölkə bələdiyyələrini narahat edən əsas problemlərdən biri kimi bələdiyyələrə mülkiyyətin - əmlak və torpaq fondunun bu günədək çıxarışla bütün rayonlar üzrə tam şəkildə verilməməsini hesab etmək olar” söyləyən V.Tofiqli bildirdi ki, hazırda 1606 bələdiyyənin bu günədək təxminən cəmi 40 faizinə torpaq fondu çıxarışla verilib. Digər bələdiyyələr isə hələ də intizarla gozləməkdədirlər: 

- Verilən əmlaklarda və torpaq sənədlərinin bir çoxunda isə ciddi yalnışlıqların, dolaşıqlığın olduğu deyilir. Paytaxt Bakıda formalaşan 53 bələdiyyəyə mülkiyyətə nə əmlak və torpaq fondu verilib, nə hərrac keçirilib, nə də hərrac komissiyası yaradılıb. Səbəb isə şəhər kadastrının hazırlanmasının tam başa çatdırılmadığı göstərilir. Bu gün müəyyən hazırlıqlar həyata keçirilsə də, hələki məktublaşmalar və hazırlanan sənədlərdə düzəlişlər davam etməkdədir. Məsələn, əhalisinin sayı 100 mini keçən Binə qəsəbəsinin xəritəsinin olmaması tək bələdiyyənin deyil, həm də digər strukturların da işinə maneələr yaradır. Bunun problem olduğunu keçmiş komitənin əməkdaşları da gözəl bilir. Belə olan halda sual olunur, proses nə vaxtadək uzanacaq? Bu problemlər Bakıdakı 53 bələdiyyənin hər birində bu və digər formada qalmaqdadır. 

“Regional idarəetmə mexanizmini tətbiq etməklə, diqqəti qanunların icrasına nəzarətə yönəltmək olar”

V.Tofiqli konkret təklifləri olduğunu dedi:  

- Təklif edirik ki, bələdiyyələrə mülkiyyətin – torpaq və əmlakın çıxarışla verilməsi başa çatdırılsın, bələdiyyələrin satışa çıxardığı torpağa yenidən çıxarış alması prosesi ləğv edilsin. Hərrac Komissiyasında bələdiyyənin təmsilçiliyi arıtırılsın, Bakıda bələdiyyələyə pay şəklində dövlət əmlakının verilməsi məqsədəuygum hesab edilsin, əmlak amnistiyası həyata keçirilməsi üçün normativ-hüquqi bazanın hazırlanması yekunlaşsın və ümumən prosesə start verilsin. 

Ümumiyyətlə, təklif edərdim ki, əmlak amnistiyasını mərkəzləşdirilmiş formada “ASAN Xidmət” mərkəzləri vasitəsiylə həyata keçirilsin.
Qaldırılan məsələlərin həlli bələdiyyələrə büdcə gəlirlərinin artırılmasında, həm də daha çevik və operativ fəaliyyətinə müsbət təsir edəcək. 
Biz bəzi icra başçılarının bələdiyyələrə qarşı haqsız mövqedə dayanmaları, bələdiyyələrin fəaliyyətinə müdaxilə etmələri, ayrılan dotasiyanın bilavasitə yerlərə çatmaması barədə dəfələrlə yazmışıq. Sözsüz ki, hər dəfə söhbət hər birindən yox, bəzilərindən gedirdi. Təəssüf ki, hər dəfə yuxarıda söylədiyim fikri təkrar edəndə bəzi “əli böyüklərin ətəyində olan”, bələdiyyə sisteminə bir qara qəpiklik xeyri dəyməyənlər bizə irad tutub az qalırdılar xalq düşməni çıxarsınlar. 

Cənab Prezidentə bir daha təşəkkür edirəm ki, bu məsələlərə könkret olaraq nöqtə qöydu: "Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq". 

Deməliyik ki, istər kommunal xidmətlərin, istərsə də yerli icra strukturlarının saxlanmasına dövlət büdcəsindən kifayət qədər yüksək maliyyə vəsaiti ayrılır. İndiki vaxtda bu qədər vəsaitin ayrılmasına nə zərurət var? 

Hər halda yerlərdə hakimiyyətin bələdiyyələrə verilmə zamanı yaxınlaşır. İcra strukturlarına gəldikdə isə Türkiyə variantı bizə daha məqbul sayıla bilər. Regional idarəetmə mexanizmini tətbiq etməklə, əsas diqqəti qanunların icra prosesinə nəzarətə yönəltmək olar.