Könül Nurullayeva: "Könüllülərimiz pandemiyaya qarşı mübarizədə də fəal oldular"

“Könüllülük sosial dövlət və vətəndaş cəmiyyətinin formalaşmasında vacib atributlardan biridir”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. 

Deputat bildirib ki, könüllülük cəmiyyətin məqsəd və ehtiyaclarına, milli maraqlara və dünya birliyinin inkişaf prinsiplərinə cavab verən, sosial əhəmiyyət prinsipini şərtləndirən xarakterə sahib olmalıdır: 

“Biz bunun real nümunəsini Azərbaycan könüllülərinin timsalında görürük. Bu gün böyük bir hərəkata çevrilən könüllülərimiz COVİD-19 pandemiyasına qarşı mübarizədə də fəallıq nümayiş etdirirlər. Virusun ölkəmizdə yayıldığı andan etibarən könüllülərimiz dövlətin həyata keçirdiyi mübarizə tədbirlərinə dəsətk verir. İlk növbədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanınçağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin yaradılması könüllülük institunun qısa müddətdə təşkilatlanma bacarağını göstərdi. Pandemiya dövründə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər”. 

Qısa zamanda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin  (AKƏM) tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilir: 

““Böyüklərimizi qoruyaq!”, "Könüllü Qonşu" kimi yardımlaşma xarakterli aksiyalar çərçivəsində paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərilir. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak edib. Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır”. 

Parlament üzvü bildirib ki, onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da həvəslə iştirak edirlər:

“Bu, bir daha vətəndaş cəmiyyətinin inkişafında könüllülük prinsipinin əhəmiyyətini və rolunu ön plana çıxarır. Aydın olur ki, könüllülük sosial dövlət və vətəndaş cəmiyyətinin formalaşmasında vacib atributlardan biridir”.