Zelenski göstərmək istəyir: “Krım tatarlarındı, bölgənin söz sahibi də onlardır”

Ukrayna prezidenti Vladimir Zelenski Krım tatarlarının sovet hökuməti tərəfindən deportasiyasının 76-cı ildönümü ilə bağlı onların nümayəndə heyətini qəbul edib. Zelenski Krım tatarlarına hüquqlarının bərpa olunacağını, layiq olduqları dəyərin veriləcəyini deyib. Prezidentin göstərişinə əsasən, Ramazan və Qurban bayramları Ukraynada rəsmi bayram elan olunacaq. Həmçinin, Kiyevdə böyük məscidin tikintisinə başlanacaq. Zelenski Krım tatarı Əminə Cabbarovanı Ukrayna xarici işlər nazirinin 1-ci müavini təyin edəcəyini də açıqlayıb. 

Ölkə rəhbəri tərəfindən atılan addımları “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, bütün bunlar Krımı geri qaytarmağa xidmət edir. Lakin siyasi ekspertin sözlərinə görə, bunlar çox gec atılmış addımlardır: 

“Ukrayna hakimiyyəti Krım muxtariyyətini uzun illərdir unutmuşdu. Hətta muxtariyyət Kiyevin nəzarətində olanda belə hökumət tərəfindən heç bir ciddi addım atılmamışdı. Krımda daha çox rusdilli əhalinin çoxluq təşkil etdiyi bir muxtariyyət qurulmuşdu. Tatarlar orada ikinci sırada dayanırdı. İndi Zelenski göstərmək istəyir ki, Krım torpağı tatarlarındı və bölgənin söz sahibi də onlardır. Prezident bu məsələyə beynəlxalq ictimaiyyətin, xüsusən də Türkiyənin diqqətini çəkməyə cəhd göstərir. Əslində, Türkiyənin Krım tatarlarına hər zaman xüsusi diqqəti olub. Ərdoğanın Ukraynaya son səfərində bu məsələ ayrıca müzakirə olunub. Zelenski bəyan edir ki, bu vizyon ruslara məxsus deyil. Orada söz sahibi Krım tatarlarıdır və tatarlar Ukraynanın tərkibində yaşamaq istəyirlər”.