Səbir tükənir:“...Nəinki döyüşləri, şanlı qələbələri də görəcəyik!”

“Sentyabr, oktyabr döyüşləri də ola bilər. Əsas odur, sonda biz sevinəcəyik” 



Dünən Dağlıq Qarabağda, dilbər guşə olan Şuşada “prezident”in “and içmə” mərasimi keçirilib. Bu, bir çox həmvətənlərimizin, ictimai-siyasi xadimlərin qəzəbinə səbəb olub. Artıq əsəblər gərilir. Bəlkə də, “inauqurasiya” bardağı daşıran son damladır...

 

Millər vəkili Araz Əlizadə bu barədə “Sherg.az”a danışanda “prezidenti” siyasətçi kimi heç kəsin tanımadığını dedi: 

“Bu gün heç kimin tanımadığı bir insan  and içir. Söz verir ki, öz əməllərinə-seperatçılığa sadiq qalacaq. Heç kimin tanımadığı adamdan başqa nə gözləmək olar ki? Azərbaycan tərəfi müharibəni başladanda bu oyunlar sona çatacaq”. 



Deputat Fazil Mustafa da düşünür ki, müharibə şərtdir: 

“Ermənistan bu əməllərinin hamısına, bütün cinayətlərinə görə məsuliyyət daşıyır. Mütləq nə vaxtsa, cavab verəcək. Azərbaycan müharibə elan edən gün düşmən peşiman olacaq. Bilmək lazımdır ki, müharibə təkcə ordunun yox, həm də cəmiyyətin işidir. Cəmiyyət ordu quruculuğu işinə biganə yanaşmamalıdır”.

 Deputatın fikrincə, aprel döyüşləri yenidən təkrarlana bilər: 

“2016-cı ildə baş verən aprel döyüşləri son deyildi. Belə döyüşlər yenə olacaq. Çünki tədricən səbr tükənir. Hətta biz nəinki döyüşləri, şanlı qələbələri də görəcəyik. Sentyabr, oktyabr döyüşləri də ola bilər. Əsas odur, sonda biz sevinəcəyik”.