“Nüfuzlu şirkətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər”

“Bakı və Sumqayıt şəhərlərinin işıqlandırılması layihəsi artıq reallaşır. Bu isə iqtisadiyyata öz müsbət təsirini göstərəcək”



"Ölkəmizdə müasir texnologiyalardan istifadə nəticəsində pandemiya dövründə bir çox sahələr öz fəaliyyətini davam etdirdi".
 
Bu fikirləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, son zamanlar ölkələrin iqtisadi yüksəlişinin əsas səbəbi kimi, müasir texnologiyaların inkişafına yaradılan şərait və ondan səmərəli istifadə, həmçinin insan intellektinin məhsulu olan elmi innovasiyaların tətbiqini göstərə bilərik.

"Yüksək texnologiyaların inkişafı və onların geniş sənaye sahələrinə gətirdiyi gəlirləri təbii sərvətlərdən alınan gəlirlərlə müqayisə etsək, elmi innovasiyalardan götürülən qazancın çox olduğunu görərik. Artıq elm və texnologiyanın sürətli inkişafı bəşəriyyət qarşısında həlli dünənə qədər mümkün olmayan problemlərin aradan qaldırılması üçün geniş imkanlar yaradır. Son vaxtlar ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsində elm tutumlu sənayenin yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilmişdir. Prezident İlham Əliyev siyasətinin əsasını qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, ölkədə elm tutumlu sənayenin inkişafına şərait yaratmaqdan ibarət olduğunu dəfələrlə qeyd edib. Hələ ötən il yanvarın 20-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edən ölkə başçısı xarici investorlara yaradılan şəraitdən və əlaqələrdən danışıb. Forumda iştirak edən “VTB Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin bankın Azərbaycanda uzun müddət uğurlu fəaliyyətindən, Azərbaycanla Rusiya arasında əməkdaşlıqdan bəhs edib".

Deputat qeyd edib ki, Davosda baş tutan forumda "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn Azərbaycanla  əməkdaşlığı yüksək qiymətləndirib:

"Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Ümumiyyətlə xarici investorlar yaradılan şəraitdən hər zaman razılıqlarını ifadə edib və buna görə də daim Azərbaycan xarici investorların maraq dairəsində olub.
Prezident İlham Əliyev investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb. Bu da öz növbəsində əlaqələrin inkişafına təkan verir və müasir texnologiyaların ölkəmizə gətirilməsinə şərait yaradır".

Müşfiq əlavə edib ki, bir neçə gün öncə “Signify” və "CISCO" şirkətlərinin rəhbərləri ilə baş tutan videokonfranslar məhz dövlətimizin müasir texnologiya və xarici biznes sahəsində apardığı islahatların yekun nəticəsidir:

"Belə nüfuzlu şirkətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər.
Bakı və Sumqayıt şəhərlərinin işıqlandırılması layihəsi artıq reallaşır. Bu isə iqtisadiyyata öz müsbət təsirini göstərəcək. Düşünsək ki, Bakıda istifadə olunacaq 33 min led işıq enerjiyə yarıbəyarı qənaət edəcək, postpandemiya dövrü üçün belə qənaət iqtisadiyyatın dirçəlməsinə şərait yaradacaq. Bu layihəni pandemiyanın iqtisadiyyata ciddi ziyan vurduğu bir vaxtda çox uğurlu bir addım kimi dəyərləndirirəm. “Signify” şirkəti dünyanın 70 ölkəsi ilə əməkdaşlıq edir. Lakin Cənubi Qafqazda ilk dəfə Azərbaycanla bu tip layihə gerçəkləşdirir. Bu da ölkəmizin innovasiya və texnologiya baxımdan regionun lider dövləti olduğunu bir daha təsdiqləyir. Bu layihə sırf Bakı və Sumqayıt küçələri, xüsusi obyektlər üçün nəzərdə tutulmayıb, eləcə də gələcəkdə kənd təsərrüfatı sahəsində və digər şəhərlərin də işıqlanmasında rol oynayacaq".

Milli Məclisin deputatı vurğulayıb ki, ümumiyyətlə pandemiya dövrü bir daha texnologiyanın inkişafının zəruri olduğunu göstərdi:

"Belə ki, izolyasiya dövründə, xüsusilə bütöv təhsil sistemində istifadə olunan distant təhsil nanotexnologiyanın vacibliyini önə çəkdi. Texnologiyanın inkişafı pandemiya dövründə cəmiyyəti iflic vəziyyətə düşməkdən qorudu. Bu bütün dünya üçün belə oldu. Müasir dövrün tələbi məhz elektronlaşmanı şərtləndirir. Elektron hökumət, elektron bank sistemi cəmiyyət üçün vacib olan hər bir sahə demək olar ki, elektronlaşıb. Müasir texnologiyalardan yararlanmağımız pandemiya dövründə imkan yaratdı ki, bir çox sahələr öz fəaliyyətini davam etdirsin".