"Dövlətimiz məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir" - Professor Musa Qasımlı

"Məcburi köçkünləri düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün dövlət indiyədək böyük proqramlar həyata keçirib".

Bunu "Sherg.az"a millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat vurğulayıb ki, Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə göstərilən diqqət nümunəvi xarakter daşıyır:

"Dünyada iqtisadi böhrana baxmayaraq, Bakıda məcburi köçkünlər üçün “Qobu Park-3” yaşayış kompleksinin salınması bir daha təsdiq edir ki, dövlətimiz ən böhranlı anlarda da məcburi köçkünlərə olan qayğısını əsirgəmir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal edilib, həmin ərazilərdə yaşayan Azərbaycan vətəndaşları daimi yaşayış yerlərindən vəhşicəsinə qovularaq məcburi köçkünə çevriliblər. Bu insanlar uzun illər boyu vaqonlarda, çadır şəhərçiyində yaşayıblar".

Parlament üzvü vurğulayıb ki, ötən müddətdə köçkünlərin yaşadıqları çadır şəhərcikləri ləğv edilib:

"Onlar üçün çoxmərtəbəli binalar tikilib, ayrı-ayrı ərazilərdə torpaq sahələri ayrılaraq, fərdi evlər inşa edilib. Qobuda açılan yaşayış kompleksi əslində, əhalisinin sayına görə kiçik bir şəhər də sayıla bilər. Məlumdur ki, belə bir şəhərin inşası üçün böyük maliyyə vəsaitləri lazımdır. Xüsusən indiki şəraitdə - dünyada böhranın baş verdiyi zamanda özəl şirkətlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına qoşularaq bu işi görmələri təqdirəlayiqdir. Bu, bir daha təsdiq edir ki, dövlətimiz məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir. Əlbəttə, bu diqqət və qayğı onlara təkcə mənzil verilmə ilə kifayətlənmir. Köçkünlərə ayrılan müavinətlərin həcmi də artılır. Onların övladlarının təhsili ilə bağlı böyük işlər həyata keçirilir. Bu kateqoriyadan olanların özünəməşğulluğu, işlə təminatı sahəsində ciddi addımlar atılır. Açıq şəkildə söyləmək lazımdır ki, koronavirus pandemiyasının yaratdığı şəraitdə belə işlərin görülməsi hər bir azərbaycanlının ürəyindəndir".