“Skleroz xroniki xəstəlik sayılır və tam müalicəsi yoxdur”

“Bu xəstəlik daha çox nevrotik, əsəb, emosional, depressiv pozuntular yarada bilər”


Dağınıq skleroz xəstəliyi çox rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəlik baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. Sklerozun insanın ruh sağlığına da təsir etdiyi bir həqiqətdir. Bəs, bu xəstəlik insanda psixi pozuntulara səbəb ola bilərmi? Sualımızı cavablandıran psixoloq Azad İsazadə

“Sherg.az”a açıqlamasında bildirib ki, dağınıq skleroz sırf nevroloji sinir pozuntusudur. Bu xəstəliyin müalicəsi ilə nevropotoloq və nevroloqlar məşğul olur: 

“Skleroz zamanı ilk növbədə ətrafların sinirləri pozulur, adətən birtərəfli qol və ayaq işləmir. Skleroz xroniki xəstəlik sayılır və tam müalicəsi yoxdur. Tibbi dildə buna simpotik müalicə deyirik. Simptomlar müalicə olunur və pasiyentin vəziyyəti nisbətən rahatlaşır. Skleroz xəstəliyi ilə bağlı mütəxəssis deyiləm, amma bir-iki nəfər pasiyentlərimdən bilirəm ki, bu xəstəliyin get-gedə simptomları artır, ayaqda problem varsa, xəstə bir ayağını dartır, gəzməkdə çətinlik çəkir və əl hərəkətləri zəifləyir”. A.İsazadə bildirib ki, skleroz birbaşa ruhi və psixi pozuntu vermir: 

“Bu xəstəlik daha çox nevrotik, əsəb, emosional, depressiv pozuntular yarada bilər. Amma hansısa psixi pozuntusu olan xəstəyə rast gəlməmişəm. Sözsüz ki, istisna hallar ola bilər. Yəqin, fiziki xəstəliyi olduğu üçün pasiyentdə psixi pozuntu yaranır”.