Prezidentə minnətdarlıq:“Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı gələcəyinə əminliyimi ifadə edirəm”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Quba şəhərindən Sahilə Ağasiyevanın məktubunda deyilir: 

“Hörmətli cənab Prezident, son aylarda bəşəriyyətin bəlasına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə bir daha bizimlə - xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. 
Azərbaycanın bütün bölgələrində vətəndaşlarımızın sağlamlığının qorunması naminə görülən tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə biləcək fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib. 
Cənab Prezident, Sizin sözünüzlə desək, “Biz birlikdə güclüyük!”. Xalqımızın rifahı və sağlamlığı naminə atdığınız bütün addımlarınızı dəstəkləyir, Sizin rəhbərliyinizlə ölkəmizin işıqlı və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Sizə uzun ömür və cansağlığı arzu edirəm”.