“Azərbaycan dünyada öz sözünü deyən lider dövlətə çevrilib”


Prezident İlham Əliyevin Asiya İnkişaf  Bankının rəhbərləri ilə videokonfrans formasında görüşü keçirilib. 
Asiya İnkişaf Bankının prezidenti ölkəmiz haqqında olduqca müsbət fikirlərini bildirib. Eyni zamanda ölkə başçısı videokonfransda mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, pandemiya dövründə Azərbaycan 30 ölkəyə humanitar dəstək göstərib:

“Azərbaycan tərəfindən verilmiş humanitar dəstək artıq 14 ölkəni əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə də dəstək göstəriləcək. Azərbaycan artıq 30 ölkəyə humanitar dəstək verib. Bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”.



Videokonfransa dair fikirlərini “Sherg.az”la bölüşən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, Azərbaycan dövləti pandemiya dövrünə qədər bir sıra məsələlərdə fövqəladə hallarla qarşı-qarşıya qalan xarici ölkələrə humanitar yardımlar göstərib.
Onun sözlərinə görə, bu reallığın əsasında Azərbaycan dövlətinin daim insan faktoruna önəm verməsi siyasəti dayanır: 

“Prezident İlham Əliyev nəinki ölkəmiz daxilində insan amilini daim şəxsi diqqətində saxlayır, o cümlədən, bu baxışını beynəlxalq aləm çərçivəsində də tətbiq edir. Ona görə də, Azərbaycan dövləti bir sıra xarici ölkələrdə, beynəlxalq qurumlarda həm də humanitar dövlət olaraq qiymətləndirilir. Daha dəqiq desək, ölkəmiz hər zaman çətinliklərlə üzləşmiş digər ölkələrə ilk olaraq dəstək göstərən dövlətlər sırasında öncüllük təşkil edir”.

Ekspert hesab edir ki, hazırkı vaxta qədər 14 ölkə Azərbaycanın humanitar yardımlarından yararlanıb və daha 15 ölkə də dövlətimizin dəstəyini görəcək. Hətta yaxın zamanlarda bu sayın artacağını da istisna etmək olmaz:

“Söz yox ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bu kimi məsələlərdə vasitəçilik edir, müvafiq məsələlərdə Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparır, qərarlar qəbul olunur. İş birliyi əsasında formalaşan və davamlı xarakter alan bu qərarlardan sonra Azərbaycan dövləti yardıma ehtiyacı olan ölkələrə dəstəklərini əsirgəmir. Cənab İlham Əliyev vurğulayıb ki, belə bir çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər. Əlbəttə, bu fikir bilavasitə Azərbaycan dövlətinin humanitar və sülhpərvər mövqeyinin göstəricisi olmaqla yanaşı, həmçinin dövlət başçımızın ifadələri eyni zamanda beynəlxalq aləmə olan çağırışıdır”.

B.Quliyev qeyd edib ki, əsas məqamlardan biri ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, eləcə də iqtisadi inkişaf gerçəkliyi göstərilən humanitar dəstəklərin reallaşdırılmasına geniş şərait yaradır:

“Artıq Azərbaycan dövləti dünyanın bütün əhəmiyyətli hadisələrində öz sözünü deyən lider dövlətə çevrilib. Bu, hər bir azərbaycanlını qürurlandırır. Əlbəttə qürur duyuruq ki, Azərbaycan dövləti dünyanı bürüyən koronavirus pandemiyası dövründə ən az itkilərlə müşayiət olunan ölkələr sırasında yer alması ilə yanaşı, həm də ən çox humanitar dəstəklər göstərən, yardım əli uzadan ölkə kimi beynəlxalq aləmin diqqəti mərkəzindədir. Əən  vacib məqamlardan biri də budur ki, Azərbaycan hazırkı vaxta qədər maliyyə və s. dəstəklər üçün müvafiq beynəlxalq qurumlara müraciət etməyib. Əksinə, öz dəstəyini təklif edib. Bax, qürur doğuran faktorlardan biri məhz budur”.