«Ermənistanın gələcəyi sual altındadır» - ŞƏRH 

«Paşinyan  Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövqeyini dəyişməlidir»

«Baş nazir başa düşməlidir ki, heç bir sehrli çubuq Ermənistana kömək etməyəcək. Hətta işğalçını dəstəkləyən dövlətlər də bu məsələ qarşısında acizdirlər»



Ermənistanda bir gündə 3 güc naziri - polis rəisi Arman Sarkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa veriblər. Baş nazir Nikol Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Onik Qasparyan baş qərargah rəisi, Argişti Kəramyan milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin ediliblər.
 Politoloq Natiq Miri bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, həyata keçirilən dəyişikliklər təəccüblü deyil:

“Bunlar təbii qarşılanmalıdır. İlk növbədə onu deyim ki, hər bir prosesdə maraqlı adamlar, hətta casuslar olur. 

Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan istefa göndərilməsi bunu bir daha sübut edir. Çünki Martirosyan Rusiyada təhsil alan, həmin ölkədə hazırlanan kadrdır.


Buna görə də Paşinyan onu idarəçilikdən uzaqlaşdırdı. Baş verən hadisələr Ermənistanda, həmçinin qondarma rejimin hökm sürdüyü Dağlıq Qarabağda  siyasi hakimiyyətin tam oturuşmadığını göstərir.

Paşinyanın kadr islahatına hazırlıqlı olmasına və bunu əvvəlcədən bilməsinə heç bir şübhə yoxdur. Belə ki, Paşinyan özünün vəzifəyə təyin etdiyi adamlara da etibar etmir. Hakimiyyətdə tez-tez informasiya sızmalarının olması da bunu təsdiqləyir. Əgər o, kadrlarına inansa idi da, indiki çətin vəziyyətdə üç vəzifəli şəxsi istefaya göndərməzdi”. 

N.Mirinin fikrincə, Ermənistanın gələcəyi sual altındadır:

“Bundan sonra nələrin olacağı işğalçı ölkədə həyata keçirilən islahatlardan asılıdır. Əgər hakimiyyət “Güclü Ermənistan” vədinin yerinə yetirilməsini istəyirsə, əsaslı islahatlar keçirməklə yanaşı, Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövqeyini dəyişməlidir. Artıq hücum taktikasından əl çəkməli və mərhələli şəkildə işğal siyasətindən imtina etməlidir. Paşinyan başa düşməlidir ki, heç bir sehrli çubuq Ermənistana kömək etməyəcək. Hətta Ermənistanı dəstəkləyən dövlətlər də bu məsələ qarşısında acizdirlər. Paşinyan bunu anlamayana qədər vəziyyəti düzəlməyəcək və hakimiyyəti sual altında qalacaq”.