Sensasion açıqlama: “Kondisioner virusu daha da aktivləşdirə bilər” 

“Soyuq mühit virus üçün daha əlverişlidir, nəinki isti”

“Həmçinin kondisionerli otaqda oturmağın immuniteti zəiflətdiyini də nəzərə almaq lazımdır”


Havalar isindikcə kondisionerə tələbat artır. Evlərimizdə, iş yerlərimizdə rahat otura bilmirik. Əlacı süni sərinlik yaratmaqda görürük. Həvəslə kondisionerin pultunu əlimizə alıb, düyməni basırıq.

Amma heç 5-10 saniyə keçmir ki, həyəcanla düyməni ikinci dəfə basır, cihazı söndürürük. Koronavirus qorxusu buna da  imkan vermir. “Bəlkə, virus belə şəraitdə daha yaxşı yayılır?” fikri qanımızı lap qaraldır...



Həkim-allerqoloq Şahvələd Məmmədov bununla bağlı “Sherg.az”a danışarkən bildirdi ki, kondisionerli otaqda virus daha aktiv ola bilər:

“İlk vaxtlar deyirdilər ki, koronavirus 26 dərəcədə ölür. Amma ən isti ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanda da yoluxma və ölüm hallarına rast gəldikdən sonra alimlər bu nəzəriyyəni arxa plana atdılar. Əlbəttə, bütün növ respirator viruslar soyuqda daha aktiv olurlar. Başqa sözlə desək, soyuq mühit virus üçün daha əlverişlidir, nəinki isti. Həmçinin kondisionerli otaqda oturmağın immuniteti zəiflətdiyini də nəzərə almaq lazımdır. Ona görə də koronavirusa təsirindən asılı olmayaraq insanlara kondisionerə  çox üstünlük verməmələrini məsləhət görərdim. Çünki immunitet zəifləsə, orqanizmin yoluxma ehtimalı da artacaq. İndiki halda isə ən vacib məqam  immuniteti güclü saxlamaqdır”.