“Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti çox önəmlidir”

“Prosesin nə qədər davam edəcəyi bilinmir. Hamı bir nəfər kimi maska taxmalı və bunu gündəlik geyim kimi qəbul etməlidir”

“Yoluxmaların sayının azaldılmasının yeganə yolu qaydalara riayət etməkdir”


 
“Koronavirusla bağlı Azərbaycanda aparılan ilkin tədbirlər ümumi nəticə verdi və ilkin mərhələdə yoluxmaların sayının artmasının qarşısı alındı”. 
Bunu “Sherg.az”a açıqlamasında “Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov deyib. 
Baş redaktor bildirib ki, karantin rejiminin yumlaşdılması yoluxanların sayını artırdı: 

“Nəzər alaq ki, virus mutasiyaya uğrayaraq insandan-insana keçərkən daha sərt formada keçir. Görülən tədbirlər, atılan addımlar, tələb olunan məsuliyyət normal qəbul edilməlidir. Vətəndaş məsuliyyəti çox önəmlidir və mütləq tətbiq olunmalıdır. 2 aylıq karantin rejimindən sonra insanlar psixoloji təzyiq altına düşüb və yorğunluq əhval-ruhiyyəsi yaranıb. Bəzi hallarda adamlar maska taxmaqdan, gigiyenik vasitələrdən istifadə etməkdən boyun qaçırırlar. Əvvəlki qorxu insanlarda yoxdur. Koronavirusun sadəcə bizim deyil, dünyanın problemi olduğunu görənlər virusla mübarizəni onu qəbul edərək aparmaq istəyirlər. Təəssüf ki, bu cür yanaşma virusa yoluxanların sayını artırır. Çünki vətəndaşlar tibbi, qoruyucu vasitələrdən istifadə etmir, ara məsafəsini gözləmirlər”. 

Ə.Ağalarovun sözlərinə görə, yoluxmaların sayını artıran digər səbəb maariflənmə işindəki boşluqlardır: 

“Maariflənmə dedikdə, sadəcə virusun yayılmasını, qorxulu tərəflərini nəzərdə tutmuruq. Vətəndaşların təcili tibbi yardımla bağlı müraciətlərində də ciddi boşluqların şahidi oluruq. Koronavirusun yayılmasının əsas səbəblərindən biri insanların evlərində öz imkanları daxilində müalicə olunmasıdır. Əksər vətəndaşımız təcili tibbi yardıma zəng etməyi, ailəsinin karantinə alınmasını gözə almır. Əlbəttə, bu məsələdə cəmiyyət arasında yayılan şaiyələrin də böyük rolu var. Heç kim prosesin nə qədər davam edəcəyini bilmir. Ona görə də hamı bir nəfər kimi maska taxmalı və bunu gündəlik geyim kimi qəbul etməlidir. Yoluxmaların sayının azaldılmasının yeganə yolu qaydalara riayət etməkdir”.