Yas mərasimi, yoxsa pul sovrulması?! - Fikirlər haçalandı

"Yas yerlərində koronavirusa yoluxmaların çoxalması ciddi narahatlıq doğurur. Təəssüflər olsun ki, xəbərdarlıqlara baxmayaraq vətəndaşlarımız koronavirusla mübarizədə lazımi məsuliyyət nümayiş etdirmirlər".
Bu sözləri Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 
O, həmçinin yas çadrlarını kirayə verənlərin cəzalanmasını təklif edib:

“Hər halda yas çadırlarını kirayə verən şirkətlər, şəxslər, mərasim yerlərinin sahiblərinə cərimələr tətbiq oluna bilər”.
 Bu, bir tərəfdən koronavirus pandemiyası ilə əlaqədardırsa, digər tərəfdən israfçılıqla bağlıdır. Yas süfrələri min cür naz-nemətlə dolu olur. Necə deyərlər, bircə quş südünə rast gəlmirsən...Hərçənd ki, bir az axtarsan, bəlkə, onu da taparsan. 

“ Bu, bir sosial bəladır”



 Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında Musa Quliyevin bu təklifini dəstəklədiyini deyib. Onun fikrincə, mərasimlərin bu cür keçirilməsi düzgün deyil:

“Bu, bir sosial bəladır. İslamda deyilir ki, mərhumun cənazə namazı qırılmalı və həmin adam dinin tələbinə uyğun olaraq dəfn edilməlidir. Digər məqamlar isə xalqın “tapıntı”sıdır və ancaq təsəlli, təskinlik üçündür. İyirmi ildir, mən bu cür hallara qarşı mübarizə aparıram. Ancaq mənası olmur. Bəlkə, koronavirus bəzi insanlara dərs olar və bu məsələ birdəfəlik həllini tapar. Naxçıvan Muxtar Respublikasında belə deyil. Orada toy, yas mərasimləri daha sadə formada təşkil edilir. Digər şəhər və rayonlarda, o cümlədən Bakıda yaşayanlar Naxçıvandan nümunə götürməlidirlər. Odur ki, mən Musa müəllimin fikrini dəstəkləyirəm”. 
 
“Cərimə çıxış yolu deyil”




İqtisadçı-ekspert Natiq Cəfərli isə yas çadrlarını kirayə verənlərin cəzalanmasını düzgün hesab etmir:

“Hansı məntiqlə bunu etmək istəyirlər? Unutmayaq, yas çadrlarını icarəyə vermək də biznesin bir növüdür. İnsanlar sözügedən işlə məşğul olmaq üçün VÖEN açırlar. Lap tutaq ki, cərimələr tətbiq olundu. Onda yas mərasimləri qapalı zallarda keçiriləcək. Virusun yayılması üçün qapalı bir məkan ya çadr olmasının heç bir fərqi yoxdur. Hətta insanlar çıxış yolunun olmadığını görsələr, küçədə, açıq havada da məclis keçirə bilərlər. Yəni, cərimə çıxış yolu deyil”.
 
 N. Cəfərlinin sözlərinə görə, daha optimal üsullardan istifadə edilməlidir:

“Qəribədir, bu cür hallarda ilk ağla gələn variant cəza, qadağa olur. Halbuki, bu, sonuncu olmalıdır. İnsanlar ilk növbədə maarifçiliyə sığınmalıdırlar. Başa düşmək lazımdır ki, biz həm yas, həm  dıə toy mərasimlərinin keçirilməsində əndazəni aşırıq. Bunun qarşısını almaqdan ötrü “ictimai saziş” yaranmalı, hər kəs bir-birini anlamalıdır. Yemək mərasiminin yox, yas və ya toy mərasiminin keçirildiyini dərk etməliyik. Həm də insanlar çox vaxt ictimai qınaqdan qorxduqları üçün bu qədər israfçılıq edirlər. Əslində ictimai qınaq əksinə işləməli, yersiz xərcə yol verənlər tənqid edilməlidirlə. Yəni korreksiayaya ehtiyacı olan məqam davranış qaydaları, yanaşmadır. Bu istiqamətdə nüfuzlu adamlar, o cümlədən deputatlar ictimaiyyətə nümunə olmalıdır. Ancaq belədə hansısa nəticəyə nail ola bilərik. Qadağalar, cərimələr sadəcə aqressiya ilə nəticələnəcək”.