“20 qəpiklik dondurma, yoxsa "ucuz ölüm?!" - ZİYANLIDIR !

“Onun hazırlanmasında naməlum mayelərdən, quru süddən istifadə edilir”

“İnsanlara mümkün qədər keyfiyyətli və bahalı dondurma almağı tövsiyə edirəm”



Əvvəllər Bakı küçələrində səyyar dondurma satışı olardı. Şəhərin gur yerlərində soyuducu qoyub “Sərin, ”morojna" deyə müştərilərə çağırış edərdilər. İndi könlü dondurma istəyən gərək marketlərə getsin.

Marketlərdə isə hər növ, hər qiymətə bu məhsuldan tapmaq olar. İndi 20 qəpiyə də, 10 manata da dondurma var. Ancaq dondurmaların keyfiyyəti ilə bağlı heç bir zəmanət yoxdur.

Məsələn, 20 qəpiklik dondurmanın orqanizmə hansı zərər-ziyanının olması izah edilmir. Ümumiyyətlə, bu sahə üzrə araşdırmalar azdır. Ümumiyyətlə, mağazalarda yerli məhsuldan əlavə, Rusiya, Ukrayna, Türkiyə dondurmaları üstünlük təşkil edir.

Amma karantin günlərində marketlərin işləməməsi, qarşıda daha iki gün marketlərin bağlı olacağı dondurmaların vəziyyəti ilə bağlı suallar doğurur.
Çünki dondurmanın satış şəbəkəsində saxlanma müddəti 30 gündən artıq deyil.

Dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verməlidir. Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir.

Mütəxəssislər iddia edir ki, köhnə və ya uzun müddət istifadəyə yararlı olması üçün çoxlu konservant qatılan dondurma zəhərlənmə və mədə-bağırsaq pozuntularına, hətta xərçəng  xəstəliyinə səbəb ola bilər. Çünki həmin dondurmaların tərkibinə çoxlu sayda müxtəlif kimyəvi qatqılar qatılır.



Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirdi ki, ən bahalı marketdə belə keyfiyyətsiz dondurma tapmaq mümkündür. Onun sözlərinə görə, dondurma süd məhsuludur və yeyəndə gərək qaymaq dadı versin:

“Ancaq bəzən bizə şikayətlər gəlir ki, dondurma boğaza acılıq verir. Görünür ki, həmin məhsulun tərkibində kərə yağı yerinə bitki yağından istifadə edilir. O halda dondurma yeyəndə boğaza acılıq verir. Ona görə də əhali diqqətli olmalıdır”.

E.Hüseynov bildirdi ki, xarici dondurmalardan daha çox yerli məhsullara üstünlük vermək yaxşıdır: 

“Əvvəla, dondurma çox yemək məsləhət deyil. Amma istisna deyil ki, həmin 20 qəpiklik dondurmalar hazırlanarkən naməlum mayelərdən, quru süddən istifadə edilib. İnsanlara mümkün qədər keyfiyyətli və bahalı dondurma almağı tövsiyə edirəm”.