"Karantin qaydalarının yumşaldılmasında fayda var" - Hər kəs özünü qoruyacaq !

“Belə çətin vəziyyətə heç olmasa insanların iqtisadi fəaliyyətlə məşğul olmalarına şərait yaradılmalıdır”


Son günlər davam edən isti havalar insanlara gün verib, işıq vermir. Onlar paytaxtdan uzaqlaşıb, şəfalı rayonlara getməyi isə sadəcə ürəklərindən keçirə bilirlər. Sərhədlərin və ya yolların bağlanması buna imkan vermir.

Bir tərəfdən də iqtisadi problemlər. Odur ki, çoxları koronavirusun qarasınca danışır və evdə oturub, bir kağız parçası ilə özlərini sərinlətməklə kifayətlənirlər. Əksəriyyət heç kondisioneri yandırmağa da cəsarət etmir... Axı iddia dolaşır ki, kondisionerlər koronavirusu daha tez yaya bilir…


 
İqtisadçı- ekspert Nazim Bəydəmirli bu barədə "Sherg.az"a danışan zaman bildirib ki, yay turizm dövrünün başlanmasından ötrü zəruri olan bir məqam var:

"Ayın 1-dən etibarən Avropada səyahət qadağası ləğv olunub. İnsanlar istədikləri kimi istirahət edə bilərlər. Düşünürəm ki, bizdə də karantin qaydalarında müəyyən yumşalmalar olmalıdır. Onsuz da camaat kifayət qədər maariflənib. Yəqin, hər kəs daha özünü qoruya biləcək".

 N. Bəydəmirlinin fikirincə, karantin qaydalarının yumşalması iqtisadi fəallığa da kömək edəcək:

"Pandemiya turizmə, xüsusilə otelçilik sahəsinə ciddi təsir etdi. Xeyli insan işsiz qaldı. 2 milyona yaxın vətəndaş iqtisadi fəaliyyətdən uzaqlaşıb. Belə çətin vəziyyətə heç olmasa insanların iqtisadi fəaliyyətlə məşğul olmalarına şərait yaradılmalıdır. Yəni bütün hallarda karantin qaydalarının yumşaldılmasında fayda var".