Psixoloqun efirdə söylədiyi fikirlə pasiyent rahatlıq tapa bilər, amma...

“Məsələnin sonu mütləq seansa çıxır. Psixoloqla tet-a-tet söhbət etmədən pasiyent tamamilə rahatlıq tapa bilməz”


“Efirlərdə psixoloji proqramların hazırlanmasını da məqsədəuyğun hesab edirəm. Bu yolla insanlar müəyyən qədər aqressiyadan azad ola bilərlər”.
Bu sözləri psixoloq Fərqanə Mehmanqızı pandemiya ilə psixoloji mübarizə aparmaq barədə danışarkən deyib. Onun fikrincə, efirlərdə psixoloqlarla müzakirə daha səmərəli və məhsuldar olmalıdır. 

 F.Mehmanqızının təklifini “Sherg.az”a şərh edən psixoloq Ləman Səfərova bunun xoşməramlı təşəbbüs olduğunu vurğulayıb:

 “Əlbəttə, pis olmaz. Verilişlərin formatına müəyyən düzəlişlər edilə bilər. Ən azından elə etmək olar ki, psixoloqun efirdə səsləndirdiyi fikirlər tamaşaçıya xoş gəlsin. Nəticədə insanların psixoloqlara inamı daha da artır. Ancaq bir çox hallarda efirə çıxan ekspertlər auditoriyanı unudur, bir-birilərilə ilə mübahisə edirlər”.


 
L.Səfərova, həmçinin düşünür ki, efir vasitəsilə konkret problemi kökündən həll etmək mümkün deyil:

 “Yenə deyirəm, psixoloqun efirdə səsləndirdiyi hansısa fikirlə pasiyent rahatlıq tapa bilər. Amma məsələnin sonu mütləq seansa çıxır. Psixoloqla tet-a-tet söhbət etmədən pasiyent tamamilə rahatlıq tapa bilməz.

Hər halda heç bir psixoloq efir vasitəsilə terapiya metodlarını göstərməyəcək. Ümumiyyətlə, bunun üçün psixoloq özü əvvəlcə biliklərini artırmalıdır. Məsələn, ən çox işlənən metod koqnitiv terapiyadır. Amma xüsusi təlimlərdə, kurslarda iştirak etməyən psixoloq terapiya keçə bilməz.

Özü də efir vasitəsilə. Yəni bu, o qədər də asan gəlməsin. İkinci bir tərəfdən isə, tutalım mənim uşaqlıqda yaşadığım və alt-şüuruma hopan travmanı psixoloq efir vasitəsilə necə müəyyənləşdirə bilər? Mümkün deyil. Bir sözlə, psixoloji problemin birdəfəlik həllinə ancaq fərdi və tet-a-tet seansla nail olmaq mümkündür”.