Açıq mesaj: “Hərbi texnikalarımızın hamısı hücum xarakterlidir” – Təlimlərin sayı artır ! 

“İsrail və Belarusdan aldığımız artilleriya qurğularını, raket sistemlərini qeyd edə bilərik” 



Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan ordusu bölmələrinin təlimi keçirilib. Təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, 6 ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.

Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, dağlıq ərazidə hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub. Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şərait yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilib.



Təlimlə əlaqədar "Sherg.az”a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, silahlı qüvvələrimizin qarşısına qoyulan əsas tələblərdən biri döyüş hazırlığının yüksək səviyyədə olması istiqamətində görülən tədbirlərdir. Ekspertin sözlərinə görə, ordunun döyüş hazırlığının yüksək səviyyədə olmasına gedən yol təlimlərdən keçir:

“Azərbaycan ordusu 2014-cü ildən başlayaraq təlimlərin sayını həddindən artıq artırıb. Bu gün Azərbaycan ordusu irimiqyaslı təlimlərin sayını bir neçə dəfə artıraraq ildə 4 dəfə irimiqyaslı təlimlər həyata keçirir. Bu irimiqyaslı təlimlər bir neçə istiqamətə bölünür. Birinci, istiqamət ümumqoşun irimiqyaslı təlimləridir. Burada quru qoşunlar, hərbi hava qüvvələri, hava hücumundan müdafiə qüvvələri, hərbi dəniz qüvvələri, xüsusi təyinatlı qüvvələr, həmçinin raket artilleriya qüvvələri bu təlimlərə cəlb olunurlar. 
İkinci istiqamətdə hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin irimiqyaslı təlimləridir. Qoşun növləri ayrı-ayrılıqda və ümumqoşun növləri isə ayrıca irimiqyaslı təlimlər keçirilir”. 

R.Məmmdəli qeyd edib ki, təlimlərdə əsas məqsəd işğal altında olan ərazilərimizdə əməliyyatlar başlanan zaman torpaqlarımızın düşməndən azad edilməsidir:

“Məhz buna görə də Azərbaycan ordusu bu təlimin böyük hissəsini cəbhəboyu bölgələrdə həyata keçirir. Bu da zaman-zaman Ermənistan tərəfindən narahatlıqlar yaradır. Bu narahatlıqları Ermənistan mətbuatı vasitəsilə oxuyuruq. Bəzən Ermənistan orudusu cavab olaraq həmin istiqamətdə müəyyən təlimlər həyata keçirməyə çalışırlar.

Ordunun təlimlərinin sayının artırılmasında bir məqsəd var. Bu məqsədə də artıq çatmışıq. 2016-cı ilin aprel ayında və 2017-ci ildə Naxçıvan istiqamətində keçirilən döyüşlərdə bunun şahidi olduq.  

Azərbaycan ordusu 2016-cı ilə qədər daha çox müdafiə mövqeyində idisə, düşmənin hücumlarının qarşısını almaq istiqamətində tədbirlər həyata keçiridisə, bu gün vəziyyət dəyişib. Artıq Azərbaycan ordusu hücum xarakterli formata keçib. 

Buna görə də son illərdə Azərbaycan ordusunun əldə etdiyi silah və texnikaların demək olar ki, hamısı hücum xarakterlidir. İsrail və Belarusdan aldığımız yeni artilleriya qurğularını, raket sistemlərini qeyd edə bilərik”.