“Vətəndaşın sosial rifahı Azərbaycan dövləti üçün prioritetdir” 

“İşsiz şəxslərə yenidən 190 manat birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu ola bilər”

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib. 

Deputat bildirib ki, vətəndaşın sosial  rifahı Azərbaycan dövləti üçün prioritetdir: 

“Aylardır ərazisindən, əhalisinin sayından, təbii resurslarından, iqtisadi potensialından, siyasi və geosiyasi təsir imkanlarından, hərbi gücündən asılı olmayaraq, bütün dövlətlər koronavirus təhlükəsi ilə üzləşib. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsi dəyişdi. Sərhədlər bağlandı, bütün ənənəvi biznes münasibətləri, iqtisadi əlaqələr havadan asılı vəziyyətdə qaldı.

Pandemiyanın qarşısının alınması üçün atılan zəruri addımlar, karantin rejimləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər daxili və qlobal iqtisadi prosesləri sıradan çıxmaq təhlükəsi qarşısında qoydu. Uzun illər boyu tətbiq olunan, qlobal böhranların sınağından çıxaraq təkmilləşdirilən sosial müdafiə mexanizmləri öz səmərəliliyini itirdi.

Amma bununla belə, yenə əksər ölkədən, xüsusilə də, dünyanın supergüclərindən fərqli olaraq Prezident İlham Əliyevin ardıcıl, birmənalı və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyası daha böyük fəsadlar və itkilərlə müşayiət olunmadı. Ardıcıl verilən qərarlar, fərmanlar, sərəncamlar sayəsində koronavirus pandemiyasının genişlənib yayılmasının müəyyən qədər qarşısı alındı.

Ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter aldı. Demək olar ki, hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi olduq. Prosesin davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirdi”.

Parlament üzvü bəyan edib ki, tədbirlər planına əsasən, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödədi: 

“Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalandı. Bu proqramlar, ümumilikdə, 600 mindən çox insanı əhatə etdi. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ictimai iş yeri yaradıldı.

Eyni zamanda qeydiyyata düşmüş işsizlər üçün 190 manat birdəfəlik ödəmələr oldu. Təbii ki, bunlar hamısı Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir. Lakin yenidən xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu səbəbdən də,  əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı.

Buna görə də iki həftəlik sərt karantin rejimi elan olundu. Belə olan vəziyyətdə isə işsiz şəxslərə yenidən 190 manat birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu ola bilər”.