"Pandemiyaya qarşı tədbirlərə dəstək vətəndaşlıq borcumuzdur”

Məlumdur ki, ölkəmizdə koronavirus pandemiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun-5 iyul xüsusi karantin rejiminin rejiminin tətbiqinə dair qərar qəbul edib.

Koronavirusa yoluxanların sayı yalnız Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə artan xətt üzrə gedir. Təbii ki, karantin rejiminin sərtləşməsində başlıca məqsəd virusun yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaq üçündür. 

Millət vəkili Azay Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi hər birimizin vətəndaş borcudur. 
Deputat qeyd edib ki, vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir:

“QHT-lər də indiyə qədər olduğu kimi bundan sonra da üzərlərinə düşən missiyanı uğurla həyata keçirərək infeksiyaya yoluxma sayının minimuma endirilməsi məqsədi ilə vətəndaşların qaydalara birmənalı əməl etməsi üçün maarifləndirmə kampaniyalarını daha effektiv şəkildə davam etdirməlidir.

Fəaliyyət sahəsindən asılı olmayaraq hər bir QHT bütün imkanlarını səfərbər edərək əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və çağırışlarına riayət etməyə çağırmalı, eyni zamanda sosial yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə yaşlılara yardımların göstərilməsində imkanları daxilində fəal olmalıdır.

Əminəm ki, hazırkı çətin dönəmdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın yaxından dəstəyi sayəsində ən yaxın zamanda COVID-19 bəlasına qalib gələrək tezliklə normal həyat tərzinə qayıda biləcəyik”.