“Sosial məsuliyyət hissinin itməsi virusun yayılmasına səbəb oldu”

“Dövlət vətəndaşlarının sağlamlığı istiqamətində yüksək addımlar atır”

“Ona görə də vətəndaşlarımızın məsuliyyətli olması olduqca vacibdir”



Ölkəmizdə koronavirusla mübarizə davam edir. Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər.
Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün tədbirlər görülüb davam edir. Dövlətimiz üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

Lakin hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil. Çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir.

Millət vəkili Müşfiq Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, karantin rejimində yumuşaldılmalardan sonra insanlar yenidən əvvəlki həyat tərzinə qayıtdılar. Bu da virusun sürətli yayılmasına gətirib çıxardı. 
Deputatın sözlərinə görə, təəssüf ki, bəzən məqsədli şəkildə, sanki, bu virus yoxdur kimi fikirlər səsləndirilərək insanlarda çaşqınlıqlar yaradıldı:

“Bu cür yanlış informasiyaların olması və sosial məsuliyyət hissinin itməsi virusun sürətli yayılmasına səbəb oldu. Dövlət sturukturları dəfələrlə xəbərdarlıq etdi ki, karantin rejiminin yumuşaldılması o demək deyil ki, sosial məsafə, maskalardan və dezinfeksiya məhsullarından istifadəyə son qoyulmalıdır. Davamlı şəkildə xəbərdarlıqlar edildi ki, yoluxma çoxalarsa, karantin rejimində yenidən sərtləşdirmələr olacaq. Dövlətin strateji planlamasında bu təhlükənin baş verməsi görünürdü”.

M.Məmmədli qeyd edib ki, ölkəmizdə bütün idarəetmə sturukturları pandemiya təhlükəsi barədə hər zaman əhaliyə xəbərdarlıqlar edir:

“Lakin koronavirusa vaxtında öncə qalib gəlmə havasında olmağımız bəzi problemlərin meydana gəlməsinə səbəb oldu. Heç kəs düşünmür ki, bu xəstəliyə yoluxa bilər. Təbii ki, dövlətimiz üçün insanların sağlamlığı, ölkə başçısının davamlı şəkildə işlər görməsi hər birimizə məlumdur. Dövlət vətəndaşlarının sağlamlığı istiqamətində yüksək addımlar atır. Ona görə də vətəndaşlarımızın məsuliyyətli olması olduqca vacibdir”.