MÜHÜM TƏKLİF: “Uşaqlar üçün "konstitusiya dərsliyi" hazırlansın”

“Kaş, Ukraynadan əvvəl bunu Azərbaycan reallaşdırardı. Nə ziyanı var ki?! 

“Xüsusi dərs vəsaiti hazırlamaq mümkün deyilsə, ən azından hansısa dərsliyə əlavə kimi nəzərdə tutula bilər” 


Ukraynada “Osnovı” nəşriyyatı uşaqlar üçün ölkə konstitusiyasının sadə formasını hazırlayıb. Konstitusiya uşaqların erkən yaşlarından öz vətəndaş hüquqlarını bilmələri üçün nəzərdə tutulub. İdeya Azərbaycan ictimaiyyətində də maraqla qarşılanıb. Bəzi hüquqşünaslar Azərbaycanda da uşaqlar üçün konstitusiyamızın sadələşdirilmiş formasının hazırlanmasının faydalı olacağını deyiblər.

Hətta, ibtidai siniflər üçün dərslik formasında çap olunmasının mümkünlüyünü də ifadə ediblər. Ekspertlərin fikrincə, hüquqşünaslar və dilçilər birlikdə bu istiqamətdə layihə hazırlaya bilərlər. Xatırladaq ki, yuxarı siniflər üçün “Konstitusiya hüququnun əsasları” adlı dərslik var. Lakin ibtidai siniflər üçün belə bir fənn tədris olunmur. 


Uşaq konstitusiyası ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Tahir Kərimli belə bir ideyanın reallaşmasının faydalı olacağını düşünür. Deputatın sözlərinə görə, əvvəllər orta məktəblərdə tarix və ictimaiyyət fənni, o cümlədən ümumi dünyagörüşü ilə bağlı dərs vəsaitləri tədris olunub: 

“Ölkə konstitusiyasının aşağı siniflər üçün qısaldılmış formada hazırlanması mümkündür və xeyirlidir. Maddələrin azyaşlı şagirdlərin qavraya bildiyi səviyyədə hazırlanması və əlavə izahının verilməsi yaxşı olar.

Hər maddənin xüsusi izahı ibtidai siniflər üçün vacibdir. Belə bir dərslik hazırlanıb tədris olunarsa, uşaqlarımız dövlətçiliyin, dövlətin hüquqi əsaslarının nədən ibarət olduğunu dərk edərlər. Bilərlər ki, dövlət konstitusiya vasitəsi ilə öz vətəndaşlarının haqq və hüquqlarını necə qoruyur. Ən əsası isə vətəndaşın hüquq və vəzifələrinin nədən ibarət olduğunu öyrənərlər.

Qısa şəkildə anlatmaq olar ki, icra və məhkəmə hakimiyyəti nədir, onların qarşılıqlı münasibəti necədir və s. Beləliklə uşaqların hüquqi dünyagörüşü formalaşar və vətəndaş kimi yetişmələrində mühüm rol oynayar.

Məncə, çox faydalı olar. Kaş, Ukraynadan əvvəl bunu Azərbaycan reallaşdırardı. Nə ziyanı var ki?! Əksinə, xeyri var. Əgər xüsusi dərs vəsaiti hazırlamaq mümkün deyilsə, ən azından hansısa dərsliyə əlavə kimi nəzərdə tutula bilər”.