“Üçtərəfli görüş hər üç ölkə üçün çox əhəmiyyətli idi” – ŞƏRH 

"Qısa zamanda biz yeni iqtisadi layihələrin reallaşmasının şahidi olacağıq”

“Videokonfrans ölkəmizin gələcəyi üçün çox vacib və əhəmiyyətli görüşlərdən biri idi"



Məlum olduğu kimi iyulun 2-də rəsmi Kabilin təşəbbüsü ilə Əfqanıstan, Türkmənistan və Azərbaycan prezidentlərinin videokonfrans formatında üçtərəfli görüşü keçirilib. Görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.

O cümlədən ölkələr arasında iqtisadi vəziyyət təhlil olunub və gələcək perspektivlərdən geniş söhbət açılıb. Həmçinin, Xəzər dənizi üzərindən daha çox yükdaşımaların edilməsi ilə əlaqədar müzakirələr aparılıb və bir çox təkliflər verilib.


Görüşlə bağlı "Sherg.az"a danışan millət vəkili Cavid Osmanov deyib ki, üçtərəfli görüş hər üç ölkə üçün çox əhəmiyyətli idi. 
Deputatın sözlərinə görə, həm Xəzər dənizi üzərindən yükdaşımalar həyata keçirilir, həm də bir çox dövlət bu üç ölkənin ərazisindən tranzit kimi istifadə edirlər:



"Əlbəttə, bu yükdaşımalar bu üç ölkə ilə yanaşı, digər dövlətlərin də iqtisadiyyatına çox müsbət təsir göstərir. Görüşdə təkcə ticari əlaqələr deyil, eyni zamanda iqtisadiyyatın digər sahələrinin də inkişafı ilə əlaqədar hər üç ölkə prezidenti müxtəlif təkliflər verdilər. Bu günə kimi hazırlanmış təkliflərlə yanaşı, yeni layihələr də səsləndirilib.

Görülən işlər barədə hər üç ölkə prezidentinə məruzələr hazırlanması barədə qərar qəbul edilib. Bu da özlüyündə gələcək perspektivlər üçün yeni qapıların açılmasına gətirib çıxaracaq. Üç ölkə arasında bu günə kimi mövcud iqtisadi əlaqələrin təməlinin qoyulması, bundan sonrakı mərhələ üçün çox böyük ümid vəd edir. Ona görə də üç ölkənin prezidenti də görüşdən məmnun qaldılar".

C.Osmanovun sözlərinə görə, Azərbaycan tərəfi də öz təkliflərini, həyata keçirə biləcəyi layihələri təqdim edib:

"Şübhəsiz, qısa zamanda biz yeni iqtisadi layihələrin reallaşmasının şahidi olacağıq. O baxımdan indiki videokonfrans ölkəmizin gələcəyi üçün çox vacib və əhəmiyyətli görüşlərdən biri idi".