“Ermənistanın növbəti təxribat arzusu puç oldu” 

“Azərbaycan heç bir ölkəyə öz ərazisindən İrana qarşı zərbə endirmək, müdaxilə etmək üçün istifadə imkanı yaratmır”

“ABŞ-ın “F-35” təyyarələrinin Azərbaycanın hava məkanından İranın strateji obyektlərini bombalaması mümkün deyil”



“Son günlər İranın strateji nöqtələrində, o cümlədən Natanz nüvə obyektində ard-arda baş verən partlayış və yanğınlarda Azərbaycanın iştirakı və rolunu iddia etmək yalnız ermənilərin ağlına gələ bilər”. 
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, bu cür iddialar xəstə təxəyyülün “məhsul”udur: 



“Təəssüf ki, Ermənistan KİV-lərindən və ekspert cameəsindən sağlam təfəkkür gözləmək mümkünsüzdür. Məlum məsələdir ki, bu cür əsassız iddiaları ortaya atmaqla Ermənistan “bir güllə ilə bir neçə dovşan” vurmaq istəyir. Məqsəd də Azərbaycanın həm qonşu İranla münasibətlərini pisləşdirmək, həm də İsrail və ABŞ kimi müttəfiqlərimizi bizim vasitəmizlə pis vəziyyətdə qoymaqdır. Bu, erməni təxribatıdır.

Az-çox hərbi biliyi olan hər kəs təsdiqləyər ki, ABŞ-ın “F-35” bombardmançı təyyarələrinin Azərbaycanın hava məkanından qanunsuz şəkildə istifadə etməsi və İranın strateji obyektlərini bombalaması mümkün deyil.

Çünki Azərbaycan heç bir ölkəyə öz ərazisindən İrana qarşı zərbə endirmək, müdaxilə etmək üçün istifadə imkanı yaratmır. Bu, rəsmi Bakının birmənalı olaraq sadiq qaldığı prinsipial mövqeyidir.

Odur ki, xain Ermənistanın Azərbaycanla müttəfiqlərinin isti münasibətlərinə kölgə salmaq arzusu növbəti dəfə puç olmağa məhkumdur”.