HAQLI İRAD! - "Ziyalılar bəyənmədikləri müğənniləri başda otuzdurublar”

“Müğənni toydan yox, sənətdən gəlməlidir”

Özümüzdə də günah var. Təbliğatı düzgün aparmamışıq. Ona görə də toy və səhnə müğənnisi olaraq bölünmüşük”


Yaxın günlərdə  tanınmış ifaçı Şəbnəm Tovuzlu  verlişlərin birində bəzi sənətçilərin müğənniləri kateqoriyalara  böldüyünü söyləyib. Onun sözlərinə  görə sənət dünyası toy və konsert müğənniləri olmaqla iki hissəyə ayrılıb. Məlum durumdan gileylənən müğənni sözün əsl mənasında üsyan edib. Görəsən  doğrudan da belədirmi? Bəs  bu ayrıseçkiliyin səbəbi nədir?

Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran tanınmış xanəndə, əməkdar artist Almaz Orucova  qeyd edib ki,  bir neçə dəfə həmin situasyanın şahidi olub:

“Deyirlər ki, guya toylarda iştirak edənlər cəngavər müğənnilərdir. Bəlkə də bunları  özümüz formlaşdırmışıq, bölmüşük, zövqləri korlayıb, dəyişmişik. Ona görə də deyə bilmərik ki, niyə  ayrıseçkilik yaranıb.  Onu da deyim ki, müğənni toydan yox, sənətdən gəlməlidir.  Neçə-neçə sənətkarlarımız olub, onlar  toydan  gəlməyib ki...?!  Bizə nə qədər əsərlər qoyub gediblər. Musiqinin beşiyi həmin  klassika və retro mahnılarıdır. Amma bu gün onlara nə qədər qulaq asırıq? Kim reytinq qazanır, kimlər dinlənilir? “Bərkgedən” müğənnilər..!”

“Mövcud durumun yaranmasında günahkar kimdir?” sualına gəlincə, sevilən sənətkar bunları söyləyib:

“Bilmirəm günah  bizdədi, yoxsa zəmanədə?! Yəqin ki, bizdə də var. Məsələn,  keyfiyyətdən daha çox kəmiyyətə önəm vermişik, hər şeyin ucuzuna getmişik. Bəzən  ziyalı insanlarımız tənqid etdikləri, bəyənmədikləri  müğənniləri toylarına dəvət edib, başda otuzdurublar. Özümüz təbliğatı düzgün aparmamışıq. Ona görə də toy və səhnə müğənnisi olaraq bölünmüşük”.