Tovuz müharibəsi məkrli plan idi

Ermənistan üçüncü tərəfi münaqişəyə cəlb etməklə problemlərini həll etmək istəyirdi

Bütün dünyanın Covid-19  virusu ilə mübarizə apardığı bir dönəmdə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərinin artilleriyalardan  atəşə tutulması qarşı tərəfin məkrli siyasətinin bariz nümunəsidir. Bu hərəkət illərdir beynəlxalq ictimaiyyəti inandırmağa çalışdığımız erməni aqressivliyinin açıq təzahürüdür. 

Qeyd edək ki,  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədi ilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Ordumuzun əks hücum tədbirləri nəticəsində  düşmən tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. Lakin atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması haqlı olaraq ictimaiyyətdə sual doğurur. Ehtimal olunan variantlardan biri odur ki, Avropa ilə Azərbaycanı birləşdirən iri kommunikasiya xətləri məhz bu bölgədən keçməsi ilə bağlıdır. Dövlət sərhədinin Tovuz istiqamətində gərginlik yaranacağı halda Rusiya bura yaxınlaşma şansı qazanacaq və  eyni zamanda Avropa Birliyi və Türkiyə  üçün təhlükəsizlik problemi yaradır.

Maraqlıdır, təxribat hədəfi olaraq məhz Tovuzun seçilməsi və ərazidə gərginlik yaratmaq daha maraqlarıa xidmət edirdi?

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əli Hacızadənin fikrincə, Ermənistan Azərbaycanın dövlət sərhədinə hücum etməklə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) zorən bu prosesə cəlb etmək istəyirdi:

"Tovuz rayonu Dağlıq Qarabağ sərhədindən kənar olduğu üçün Ermənistana "Azərbaycan təcavüz edir" təbliğatı üçün əsas yaranacaqdı. 
Yəni, toqquşma zamanı hərbi əməliyyatlar Ermənistan ərazisinə keçəcək və beləliklə Ermənistan özünü dünyaya Azərbaycan tərəfindən təcavüzə məruz qalmış qurban kimi təqdim edəcək. Məhz buna görə onlar mütəmadi olaraq yaşayış məntəqələrimizə zərbələr endirir. Ermənistan Azərbaycan ordusunu dövlət sərhəddini keçib, Ermənistan ərazisinə daxil olmağa sövq edir". 

Politoloqun sözlərinə görə,  Ermənistan rəhbərliyi təxribat hədəfi olaraq məhz Tovuzu seçməklə Azərbaycanla müharibəyə başlayıb,  bu müharibəyə üçüncü bir tərəfi cəlb etməklə həm daxili, həm də xarici problemlərini  həll etmək istəyir:

"Bu məqsədinə nail olması üçün Qarabağdakı təmas xəttinin  hədəf götürülməsi münasib seçim deyil. O zaman hərbi əməliyyatlar bütün Azərbaycan ərazilərində aparılacaqdı.

Naxçıvan istiqamətini də seçə bilməzdi, çünki onda Naxçıvanın Təhlükəsizlik qarantı olan Türkiyə işə qarışacaqdı. Bu səbəbdən ermənilər üçün  yeganə optimal variant Tovuz-Qazax-Gədəbəy istiqamətində təxribat törətmək  idi. Ancaq onlar öz ehtimallarında  yanıldılar. Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatı ermənilərə  heç bir kömək göstərməyəcəyini bəyan etdi.

Əgər dövlət sərhəddindəki döyüşlər genişmiqyaslı müharibəyə çevrilsə, meydanda tək qalan düşmən ordusu  Azərbaycan ordusu ilə döyüşmək məcburiyyətində qalacaq".