Baş redaktordan çağırış: “QHT-lər də söz səngərinə keçməlidir” 

Tovuzda baş verən hadisələr hamını-özünü vətəndaş hesab edən hər kəsi narahat edir. Hərə bir formada ordumuza dəstək olmağa çalışır. Kimi sosial mediada şəhidlərimizin fotolarını paylaşır, kimi onlar haqqında yazılar yazır, kimi də ən son xəbərləri gözləyir. Etiraf etmək lazımdır ki, texnologiyanın sürətli inkişafı, İKT mühiti bütün bunlara imkan verir.
Ancaq məhz bununla bağlı dezinformasiyaların, necə deyərlər, ayaq açıb, yeriməsi də hər kəsə məlum olmalıdır. Hər halda, cəbhə bölgəsi ilə yanaşı, informasiya məkanında da çox ciddi müharibənin getdiyi göz qabağındadır. Deməli, heç də hər xəbərə inanmaq olmaz. 

Azərbaycan Hərbi jurnalistlər birliyinin sədri, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu informasiya təminatı haqqında “Sherg.az”a danışıb. Onun fikrincə, bu, milli təhlükəsizlik məsələsidir: 

“Azərbaycan uzun illərdir ki, məcburən cəlb edildiyi münaqişə səbəbindən müharibə şəraitində yaşayır. Milli təhlükəsizliyin və ordu quruculuğunun reallaşmasında dövlətin informasiya təhlükəsizliyi vacib şərtdir. Bu baxımdan mediada və sosial şəbəkədə orduyla bağlı dezinformasiyaların yayılmasında diqqətli olmaq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Vətəndaşlarımızın hamısı bilməlidir ki, Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən çox asılıdır.

Etiraf etməliyik ki, internet resursları ortaya çıxandan bəri ölkəmizdə “sosioloqlar”, “siyasi icmalçılar”, “hərbi ekspertlər”, “araşdırmaçılar”,”tarixçilər” çoxalıb. Sosial şəbəkənin geniş sferanı əhatə etdiyi bir zamanda bəzən saxta profillərlə də dezinformasiya yayanlar olur. Odur ki, vətənsevər informasiyayayıcılarının üzərinə ciddi məsuliyyət düşür. Orduyla bağlı informasiyaların yayılması, xüsusilə döyüş bölgələrində baş verənlərlə bağlı məqamlara daha həssas yanaşılmalıdır.

Azərbaycan Konstitusiyasının hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verməsindən dövlətimizin maraqlarına qarşı istifadə edənlər var. İki milyondan çox insan sosial şəbəkə istifadəçisidir. "Az" domenində 20 mindən artıq internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır. Təəssüf ki, bütün bunlar siyasi proseslərin yönləndirilməsinə cəhd edən qüvvələrə də münbit şərait yaradır. Transmilli informasiya siyasəti sərhədlərimizi aşaraq milli təhlükəsizliyimizə ciddi təsir göstərir”.

Tamxil Ziyəddinoğlu bildirib ki, indi hər kəs yumruq kimi birləşməli, çəkici bir yerə vurmalıdır:

“Sosial media istifadəçiləri Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməlidir. Jurnalistlərimiz, əsasən də sosial şəbəkə fəalları ölkəmizin mənafeyini qorumalı, informasiya siyasətini müdafiə etməli, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almalıdır. Bu məsələdə Qeyri Hökumət Təşkilatları da söz səngərinə keçməlidir.

Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi fəal mövqeyə bağlıdır. Dövlətimizin müstəqilliyinin bərpasını istəməyənlər, ölkə başçısının yeritdiyi müstəqil xarici siyasətə qarşı çıxanlar hələ də açıq və gizli formada, ən çox da dezinformasiyalar yaymaqla cəmiyyətimizdə çaşqınlıq yaradırlar. Nəticədə ciddi fəsadlarla üzləşirik.

Ona görə də iyulun 12-də Ermənistan Azərbaycan sərhədində baş verənlərlə bağlı sosial media istifadəçilərinə belə bir müraciət etdik: ”Əziz dostlar, dəyərli sosial media istifadəçiləri, xahiş edirik vətəndaşlarımızda mənfi emosiya yaradacaq paylaşımlar etməyin! Silahlı Qüvvələrimizin döyüş ruhuna xələl gətirəcək ifadələr işlətməyin! Ola bilər ki, düşmən tərəfi hansı formadasa, dezinformasiya yayar. Ermənistan KİV-nə istinad edərkən diqqətli olun!

Dəqiqləşdirilməmiş məlumatları paylaşmayın! Nəzərə alın ki, həm də informasiya müharibəsindəyik. Yanlış bir məlumatın milli maraqlarımıza, dövlətimizin mənafeyinə, Silahlı qüvvələrimizə nə qədər ziyan vura biləcəyini təsəvvürünüzə gətirin! Siz olduqca diqqətli olun ki, Allah köməyimiz, son qələbə bizim olsun! Sonra "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər"İctimai Birliyinin Sosial media istifadəçiləri üçün yaddaşını yaydıq: Bilirsiniz, vəziyyət necədir?! Biz vətəndaşlara müraciət edirik ki, informasiya yayarkən, rəsmi orqanların məlumatlarına istinad edin. Təəssüf ki, o sahəyə məsul olan qələm dostlarımız passivlik göstərirlər, cəmiyyətin informasiya aclığını nəzərə almırlar.

Nəticədə bu boşluğu dezinformasiyalar doldurur. Ermənistan ordusu hücuma keçdiyi halda övladı cəbhədə olan analar hər an, hər dəqiqə yeni xəbər gözləyirlər. Nəinki əsgər anaları, 12 iyul gecəsi dost da, düşmən də ayaq üstə idi. Nə yaxşı ki, vətənpərvər jurnalistlərimiz, ziyalılarımız, fəal QHT nümayəndələrimiz, qazilərimiz var! Həmin gecə informasiya məkanımızı cəsarətlə qorumağa çalışdılar. Amma rəsmi qurumların mediası susanda məcbur qalıb düşmən tərəfin informasiyalarına istinad edirlər.

Erməni fitnəsinin də törədəcəyi fəsadları yaxşı bilirsiniz. Bu hadisələr mənə 2017-ci ili xatırlatdı. Tovuz rayonunun Ağdam kəndində “Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir keçirmişdik. Məqsədimiz sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq, onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək, yerli əhalini- əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək, gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı mübarizəyə səfərbər etmək idi.

Onda Milli Qəhrəman Naiq Yusifovun atası Nəsir Yusifov, məktəbin direktoru Şahnaz Eyubova yetirmələrinin qəhrəmanlığını qeyd etməklə bərabər bildirmişdilər ki, 10 illərlə sürən müharibə dövründə bir nəfər də olsun kəndi tərk etməyib. Erməni faşistlərinin bu dəfəki hücumu göstərdi ki, doğrudan da, Tovuzun Ağdamında hərə bir əsgər, hər ev bir səngərdir! İnsanlar əsgərlərimizin arxasında- özlərinin ev səngərindədir”. 

Baş redaktorun fikrincə, düşmən təxribatına qarşı dövlət və xalq birliyi bizim üçün ən böyük uğurdur:
“Ermənilərin təcavüzü daha bir neçə cəhəti üzə çıxardı. Yüz minlərlə Azərbaycan vətəndaşı Azadlıq meydanından Şəhidlər xiyabanına yürüyərək ordumuza, dövlətimizə dəstək ifadə etdi. Bu yürüşdə yalnız bir çağırış vardı-“Qarabağı işğaldan azad etmək” çağırışı. Xalqın bu möhtəşəm qalxınmasının məcrasını dəyişmək istəyən düşmənlərin niyyəti gözündə qaldı. Siyasi partiya liderləri müdriklik göstərib, xalqla, dövlətlə birlikdə Vətən müharibəsinə qalxmaq haqqında qərar verdilər. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü naminə bütöv bir xalq ordusu yarandı. Gənclərin vətənpərvərlik ruhu bütün dünyaya nümayiş olundu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mətbuat xidmətinin bugünkü məlumatına görə, 23500 vətəndaş könüllü olaraq orduda xidmət üçün qeydiyyata alınıb. Belə görünür ki, milyonlarla insan könüllülər ordusu yaratmağa hazırdır. Bu arada onu da qeyd edim ki, yeni xarici işlər nazirimiz normal bəyanat verdi, Rusiyadakı səfirimiz, nəhayət ki, dövlətin siyasətinə, millətin istəyinə uyğun açıqlamalarla çıxış etdi. Bir xeyli xarici ölkə Azərbaycana diplomatik dəstək göstərdi. Paşinyanın fitnəsini dəstəkləyən olmadı. Bizə gəlincə, düşmənlə informasiya müharibəsində bacardığımız qədər fəallaşmaq, dezinformasiyaların qarşısının alınmasında dövlət qurumlarına yardımçı olmağa çalışırıq”.