“Gənclərimizdə təslimçi deyil, mübarizə ruhu var”

“Cəmiyyətdə bədbinlik yaradanların məqsədi ideoloji təxribata əl atmaqdır”

“Kim ümidsiz olsa da, heç vaxt bədbin nota köklənməmişəm”

Azərbaycan xalqı və gəncliyi hər zaman vətənpərvər olub. Tariximizin şanlı səhifələrini vərəqləsək, bunun şahidi olarıq. Lakin müxtəlif zamanlarda gənclərimizdə torpağa sevgi, vətənpərvər və əzmkar hisslərin olmamasına dair yanlış fikirlər səslənib. Təbii ki, belə iddiaların irəli sürülməsində məqsəd xalqımızın təslimçi ruhda olduğunu göstərmək idi.

Həmçinin gənclərimizin Qarabağı unutduğu, artıq torpaqlarımızı istəmədiyi, ordumuza inanmadığı kimi yanlış fikirlər ortaya atılırdı. Tovuzdakı hadisələr, minlərlə gəncimizin küçələrə axın edib aksiya keçirməsi bunların sadəcə bir xülya olduğunu göstərdi.

Aksiyada gənclərimiz üstünlük təşkil edirdi. Çünki əzmkar və igid oğullarımız nə bahasına olursa olsun, torpaqlarımızı istəyirdilər.

Qarabağ və digər bölgələrimizin qayıtması üçün bir göz qırpımında canlarından, qanlarından keçməyə razı olduqlarını ifadə edirdilər. Şübhəsiz ki, xalqımızda bu ruh və iradə indi də var.

Millətin vuruşma qabiliyyətinə, quruculuq imkanlarına, vətənpərvərliyinə şübhə yaradanların düşmənin “əl”inə işləyənlər olduğunu deyən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, bədbinlik toxumu səpənlər bu xalqı sevməyənlərdir. Onun sözlərinə görə, heç vaxt xalqımızın inamı tükənməyib:

“Cəmiyyətimizdə təslimçi ruh formalaşsaydı, indiki dövrdə səfil günlərimiz olardı. Eyni zamanda xalqımız çoxdan tükənərdi. Vaxtilə sovet dövründə də buna bənzər ideologiya var idi. Guya azərbaycanlılar rusların sayəsində bir xalq olub, əlifba və yazı qazanıb.

Hər məqamı sovet dövrü ilə əlaqələndirirdilər. Bizim üçün süni tarix, coğrafiya və dil yaradırdılar. Guya bunları çar Rusiyasının, sonra da bolşevik Rusiyasının sayəsində qazanmışıq”.

S.Rüstəmxanlı vurğulayıb ki, cəmiyyətimizdə bədbinlik yaradanların məqsədi ideoloji təxribata əl atmaqdır:

“Bütün bunlar milləti məhv etmək üçün bir hiyləgərlikdir. Millətimizi aciz, keçmişi və tarixi olmayan şəkildə göstərirlər. Bəzi adamlar var, görürsən ki, tariximizə, Babəkə, Şah İsmayıl Xətaiyə “dil uzadırlar”. Bu xalq neçə min ildir yaşayır. Dövlətimiz var. İndikindən qat-qat böyük ərazilərimiz olub. Bizəq arşıə cənubda fars rejimi, Şimalda çar Rusiyası, qonşuluqda ermənilərin qatı düşməniçiliyi olub. Biz bütün bunların içində yüz illər boyu yaşayıb bu günə gəlmişik.

Hər zaman gənclərimizin mübarizə ruhu, vətən sevgisi olub. Hər şey bitdi düşüncəsi tamamilə yanlışdır. Torpaqlarımızı elə belə itirməmişik. Xalqa imkan yaradılsa, əlbəttə öz hüquqlarını və dövlətimizi qoruya bilər. Son hadisələr bunu sübut etdi. Kim ümidsiz olsa da, heç vaxt bədbin nota köklənməmişəm”.