İnsanları mütləq inandırmaq lazımdır

Test nəticələri ilə bağlı xəta həssas məsələdir

Səhv SMS cavab almış şəxslərlə yenidən əlaqə yaradılmalıdır. Yəqin ki, poliklinika həkimlərini o ünvanlara göndərəcəklər



Koronavirus testinin nəticələrinə dair səhv məlumat göndərilmiş vətəndaşlar nə etməlidir? Yenidən koronavirus testi üçün analiz verməli, yoxsa, göndərilən ikinci – düz cavaba etibar etməlidirlər? Bu sualın cavabını dəqiq bilən yoxdur. İnsanlarsa əndişəlidir. 
  
Xatırladaq ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən SMS məlumatlarda yanlışlıq baş verdiyi məlum olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla bağlı məlumat yayıb və texniki xətaya görə üzr istəyib:   
“SMS-lərin göndərilməsində yanlışlıq texniki xəta ilə əlaqədar olub.

Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar. 
27 iyul tarixindən başlayaraq test nəticələri ilə bağlı  vətəndaşlara yeni SMS-lər göndəriləcək. 

İTSDA-dan həmçinin bildirilib ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva da bildirib ki, baş vermiş  xəta günlük statistikaya təsir etməyib:

“Vətəndaşlara göndərilən SMS-lərdə baş verən xətanın günlük açıqlanan statistikaya və ya “e-TƏBİB” sisteminə heç bir aidiyyəti yoxdur. Səhv ancaq göndərilən SMS-lərdə olub”.

Qurum rəsmisi onu da qeyd edib ki, günlük statistikanı Operativ Qərargaha TƏBİB yox, Tibbi Qərargah göndərir:

“Burada da biz daxil olmaqla bir çox qurumun əməkdaşı yer alıb. Son nəticə isə Operativ Qərargah tərəfindən yayılır. TƏBİB tibb müəssisələrində xəstələrin müalicə işinin təşkili ilə məşğuldur. Bizim İT şöbəmiz yoxdur”.

Yanlış SMS cavab almış vətəndaşlar neyləməlidir? Həkim Vaqif Qarayev suala cavab verməkdə çətinlik çəkdiyini dedi: 

- Texniki xətanı başa düşürəm, amma… bilmirəm, nə cavab verim. Qurumun özü deyir, texniki xətadı. Bununla belə, nəsə məsləhət verilməlidir. Mən bunu deyirəm ki, neqativ cavab almış və özündə COVİD-19-un heç bir əlamətini hiss etməyənlər rahat olsunlar.

Neqativ cavab gəlib, lakin özündə narahatlıq, hansısa əlamət hiss edənlər, təkrar müayinə olunsunlar. Səhv SMS cavab almış şəxslərlə yenidən əlaqə yaradılmalıdır.

Yəqin ki, poliklinika həkimlərini o ünvanlara göndərəcəklər. İnsanları inandırmaq lazımdır, mütləq lazımdır. Çünki bu, həssas bir məsələdir.