Arktika adalarında rus həmləsi...

Vasif Əfəndiyev: "Ərazidə “S-400” raketlərinin yerləşdirilməsi ciddi təhlükədir"


ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Ceyms Foqqo Arktika adalarında Rusiyanın yeni bazalarının qurulmasına və orada “S-400” zenit-raket komplekslərinin yerləşdirilməsinə diqqət çəkərək narahatlığını ifadə edib. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov isə bildirib ki, “S-400” zenit-raket komplekslərinin Arktika adalarında yerləşdirilməsi yalnız müdafiə məqsədi daşıyır: “S-400” sistemi sırf müdafiə təyinatlı sistemdir. Onun haradasa yerləşdirilməsi heç kimi narahat etməməlidir.
Təbii ki, əgər narahatlıq ifadə edən “S-400”-ün qorumalı olduğu ərazi və obyektə qarşı aqressiv niyyəti yoxdursa”. Arktikada fəaliyyəti tamamilə tənzimləyən beynəlxalq razılaşma yoxdur. Məsələ Baltikyanı ölkələrin milli qanunvericiliyi və bir sıra ikitərəfli razılaşmalarla tənzimlənir. Ümumi ərazisi 21 milyon kvadrat kilometr olan yerin şimal qütbü uğrunda mübarizə hələ 20-ci əsrdə başlayıb. 1920-ci illərin ortalarında Arktika faktiki olaraq ABŞ, SSRİ, Norveç, Kanada və Danimarka arasında bölünüb. 

Ada uğrunda Qərb-Rusiya mübarizəsini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Çin, Rusiya və ABŞ minerallarla zəngin olan Arktikada mövqe savaşı aparır. Analitikin sözlərinə görə, 3 ölkə son illər qütb tədqiqatlarını bir neçə dəfə artıraraq milyardlarla sərmayə qoyublar:


“Çin və Rusiya dəniz marşrutlarından istifadə edərək ticarət dövriyyəsinin maya dəyərini dəfələrlə azaltmağı düşünürlər. Eyni zamanda Arktikanın zəngin mineral ehtiyatlarından yararlanmaq niyyəti güdürlər.

Bölgədə vəziyyətin gərginləşməsi ötən ilin fevralından hiss olunmağa başlayıb. Arktikanın beynəlxalq ərazi olması hər hansı bir dövlətin burada xüsusi statusa malik olmasına hüquqi cəhətdən imkan vermir. Haqlı olaraq Arktikayanı dövlətlər Rusiyanın fəallaşmasına görə narahatlılıqlarını ifadə edirlər.

Rusiyanın Arktikada “S-400” raketlərini yerləşdirmək niyyəti bütün beynəlxalq normaları pozur. Hazırda Arktikanın beynəlxalq statusu “Arktika Şurası” adı 1996-cı ildə yaradılıb.

Buraya Rusiyadan əlavə Danimarka, İsveç, Finlandiya, Kanada, İslandiya və Norveç daxildir. Ərazidə “S-400” raketlərinin yerləşdirilməsi bu ölkələr üçün ciddi təhlükədir. Amerikalı admiral Ceyms Foqqo Rusiyanın bu bölgəni hərbi plasdarma çevirməsinə imkan verməyəcəyini bildirib.

Hesab edirəm ki, Rusiya və Çinin uzun illərdir bölgəyə sahib çıxmaq cəhdləri nəticəsiz qalacaq. 7 Avropa ölkəsi Şimal dənizləri istiqamətində Rusiyanın çıxışını məhdudlaşdıra bilər. Rusiya bu riski gözə alarsa, nəticəsi ağır olacaq. Rusiya “soyuq müharibə” krizisinin bir addımlığındadır”.