Bəzi məmurlar nəticə çıxarmırlar ! – “ Onlar kimlərəsə arxayın olurlar, amma ..”

“Sabotajla məşğul olan məmurlara güzəşt olmayacaq”  

“Tam şəffaf bir cəmiyyət yaratmalıyıq ki, heç kim qeyri şəffaf gəlirlərlə öyünə bilməsin”


Zərdab Rayon İcra Hakimiyyətinin 4 vəzifəli şəxsi həbs olunub. Memarlıq və tikinti şöbəsinin müdiri Əhmədov Sahid Abuseyid oğlu saxlanılıb. Yerli sakinlərin verdiyi məlumata görə, S.Əhmədov Bakıdan gedən hüquq mühafizə orqanları əməkdaşları tərəfindən həbs olunub. S. Əhmədovla yanaşı bir icra nümayəndəsi və bir bələdiyyə sədrinin də saxlanıldığı qeyd olunur.

Son zamanlar icra hakimiyyətlərində aparılan kadr islahatlar göz qabağındadır. Amma vəzifəsindən sui-istifadə edən məmurların həbsi heç nəyi dəyişmir. Yenə də qanunsuz əməllər törədən, korrupsiyaya meyl göstərən vəzifəli şəxslər var.



İcra hakimiyyətindəki proseslə bağlı “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf  Zeyni bildirib ki, ölkə başçısı tərəfindən bütün sahələrdə köklü islahatlar aparılır. Bu islahatlara korrupsiyaya qarşı mübarizə, kadr islahatları, idarəetmə sisteminin yenilənməsi kimi məsələlər aiddir. Müasir və müstəqil Azərbaycanın öz hədəfinə doğru irəliləməkdə olduğunu deyən R.Zeyni aparılan islahatların qaçılmaz olduğunu vurğulayıb:

 “Cənab Prezident dəfələrlə qeyd edib ki, belə islahatlar sonuna qədər davam edəcək. Bu il dövlət əhəmiyyətli sənədlər və proqramlar çərçivəsində islahatların aparılması bütün mənalarda ölkəmizin milli təhlükəsizliyinin qorunub saxlanması və inkişafına hesablanıb. Dəfələrlə xəbərdarlıq olunub ki, bu islahatlara əngəl törədən, fəaliyyətində sabotajla məşğul olan məmurlara heç bir güzəşt olunmayacaq. Təəssüf ki, bəzi məmurlar baş verənlərdən nəticə çıxarmırlar. Ümumiyyətlə, əksəriyyəti bu fikirdə deyil. Bu zaman müəyyən həbslər həyata keçirilir”. 

R.Zeyni vurğulayıb ki, düşüncəmizə görə belə məmurlar dərhal nəticə çıxarmalı və çirkin əməllərindən imtina etməli idilər: “Amma onlar nəyəsə və kiməsə arxayın olub işlərinə davam edirlər. 

Düşünmürlər ki, əməllərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bu kimi hallara son qoyulmalıdır. 6 ildir “ASAN” Xidmət yaranıb. Bütün dünyaya “ASAN” brendini təqdim etmişik ki, Azərbaycanın korrupsiyaya qarşı ən böyük layihəsi məhz “ASAN” xidmətdir”. 

Müsahibimiz bildirib ki, heç kim xalqın əmlakına, dövlətin gəlirinə göz tikməməlidir. Bu proseslər şəffaflıq, ictimai nəzarət çərçivəsində olmalıdır: 
“Hətta elə bir səviyyəyə gəlib çatmalıyıq ki, ictimai nəzarətə də ehtiyac olmasın.

Tam şəffaf bir cəmiyyət yaratmalıyıq ki, heç kim qeyri şəffaf gəlirlərlə öyünə bilməsin. Bugünkü cəmiyyətimizdə milyonlar, milyardlar oğurlanıb, onların hamısı qeyri-şəffaf gəlirlərdir. Kimin var dövləti, çirkli pulları və biznesi varsa, o adamlara hörmət edirlər. Belə düşüncə ilə uzağa gedə bilmərik. Ona görə də bu düşüncəni dəyişməliyik”.