Dövlət qurumları ictimai nəzarətə imkan yaratmalıdırlar

Prezident İlham Əliyevin son 2 müşavirədə əsas tələbinə necə əməl olunmalıdır?

Ekspertlər QHT-lərin fəaliyyətində dönüş nöqtələri arayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi növbəti müşavirədə aktual məsələlərə toxundu. Koronavirusla mübarizə istiqamətində görülən tədbirlərlə yanaşı, pandemiya və postpandemiya dövründə iqtisadi dayanıqlığın təmin edilməsi, dövlət müəssisələrinin büdcəyə zərər verən yox, əksinə, xeyir gətirən layihələrin icrasına üstünlük verməsi, xarici maliyyə qurumlarının, investorların ölkəyə cəlb edilməsinə diqqət yönəltdi, eyni zamanda ictimaiyyəti düşündürən əsas məsələdən - ictimai nəzarətdən danışdı.

Dövlət-xalq birliyinin formulu məhz budur; ictimaiyyətin dövlətə dəstək olması. Bu isə Prezidentin də vurğuladığı kimi məhz ictimai nəzarət nəticəsində mümkündür. Necə ki, dövlət atdığı bütün addımlarda xalqın mənafeyini, ictimai maraqları üstün tutur, eləcə də vətəndaşlar qəbul edilən qərarlarda dövlətə dəstək verməlidir.          

Layihələrin icrasında ictimai nəzarət əhəmiyyətlidir

Prezident öz çıxışında dövlət-özəl sektor tərəfdaşlığı məsələsinə toxunarkən bunun daha konkret layihələr əsasında özünü göstərməsinin vacibliyini vurğuladı. Əlavə etdi ki, bu məsələ bir çox hallarda niyyət olaraq qalır. “Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları, sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik” sözlərinin ardınca Prezident ictimai nəzarət mexanizminin üzərinə gəldi: 

- Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.

Prezidentin çıxışında vurğuladığı məqam dövlət siyasətində vətəndaş həmrəyliyi,  ictimai aktivlikdir. Qeyd etməliyik ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının  2016-cı il 16 yanvar tarixli qanunu var. Bu qanuna söykənərək vətəndaşlarımız istər hansısa layihələrin icrasına, istərsə də ümumilikdə hökumətin qəbul etdiyi qərarların icrasına nəzarət edə bilər, bununla da dövlət maraqlarının təminatçısı rolunda çıxış edə bilər. İctimai institutlar bu səhədə fəaliyyət göstərə bilirmi?         

“İctimaiyyətlə müzakirələrin keçirilməsinə yerli orqanlar mane olur” 

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bir neçə il əvvələ qədər ölkəmizdə müxtəlif sahələr üzrə ixtisaslaşmış güclü QHT və güclü ictimai nəzarətin olduğunu dedi: 

- Son zamanlar ölkə başçısı öz çıxışlarında dövlət qurumları, onların hesabatlılığı və s. haqqında iradlar bildirir. Bu məsələlərlə bağlı bəzi QHT-lər tərəfindən zamanında araşdırmalar aparıb, hesabatlar tərtib edib, sahə üzrə mövcud problemləri üzə çıxarıb, rəy və təkliflərini də veriblər. Məsələn, NHMT olaraq ölkəmizdə beynəlxalq kreditlər hesabına reallaşdırılan layihələrin, o cümlədən neft layihələrinin maliyyələşən Oğuz-Qəbələ, Bakı su kəmərinin, Samur-Abşeron kanalının yenidən qurulması və s. layihələrin monitorinqini aparıb, mövcud problemlər haqqında məlumat verib, rəy və təkliflərimizi də vermişdik. Lakin bu tipli araşdırmalar, hesabatlardan və s. narahat olan, fəaliyyətlərində mövcud olan korrupsiya əməllərinin daha geniş yayılmasından qorxan müəyyən qurumlar (məmurlar), QHT-yə aid qanunların dəyişdirilib,  ölkənin müstəqil Vətəndaş Cəmiyyətinin demək olar ki, zəifləməsinə nail oldular. Vətəndaş cəmiyyətinin  inkişafı üçün QHT-lərə Dəstək Şurasından  ayrılan kiçik qrantlar (1500-4000 avro) ölkədə QHT-nin fəaliyyət göstərdiyinin təsdiqi yox, imitasiyadı.

Ona görə ki, layihə qısa müddətli və vəsait az  olduğu üçün nəticə və davamlılıq yoxdur. Ayrılan vəsaitlər kiçik birdəfəlik tədbirlərə yönəldilir. Əksər QHT-lər icazə olmadan rayonlarda seminar və ictimai müzakirələr keçirilə bilməz. İcazə verildiyi halda isə bu tədbirlərə mövzu üzrə fəal vətəndaşlar yox, yalnız icra hakimiyyətlərinin seçdiyi insanlar iştirak edə bilər. Bu da təbii ki, layihə məqsədinə çatmaq üçün nəzərdə tutulan fəaliyyətlərin yerinə yetirilməsinə mane olur. Başqa maliyyə mənbəyi olmadığı üçün QHT bir donordan asılı qalır. Daha vacib uzunmüddətli layihələr reallaşdıra bilmir. Hazırda QHT-lər normal resurslara malik deyillər.

Çoxunun ofisi, hətta saytı da yoxdur. Bu vəziyyətdə olan QHT-lər ictimai nəzarəti yerinə yetirə bilmir. Bir çox nazirliklərin yanında yaradılan İctimai Şuralar heç vaxt həmin qurumların fəaliyyətinə ictimai nəzarət edə bilməz. Düzgün ictimai nəzarət yalnız müstəqil QHT-lər tərəfindən oluna bilər. İndi onları barmaqla saymaq olar. Əgər mövcud qanunvericiliklərə dəyişikliklər edilməsə, bir neçə ildən sonra yenə bəzi nazirlərin, şirkət rəhbərlərinin korrupsioner fəaliyyəti üzə çıxacaq. 

İctimai nəzarət olarsa, şəffaflıq da olacaq

Dövlət başçısının vurğuladığı məsələni “Sherg.az”a dəyərləndirən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri və “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən ictimai nəzarət məsələsinə diqqət hər zaman verilib.
QHT rəhbəri bildirib ki, ölkə başçısı media nümayəndələrini və vətəndaş cəmiyyəti təşkilatlarını ölkədə gedən proseslərdə aktiv olmağa çağırır və bunun üçün şərait yaradır:

- Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 16 yanvar 2014-cü il tarixində bu qanunun tətbiqi haqqında ölkə başçısı tərəfindən fərman imzalanıb.

Göründüyü kimi cənab prezident tərəfindən hələ 2014-cü ildə ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi hüquqi mühitin yaradılması təsdiq edilir.

Nəyə görə mən məhz “xüsusi hüquqi mühitin” yaradılması məsələsini qeyd edirəm, çünki buna kimi ölkəmizdə QHT və KİV haqqında qanun olub. Həmin qanunlar çərçivəsində də bu funksiyaların həyata keçirilməsi mümkündür.  Lakin qəbul edilən yeni qanun ictimai iştirakçılığı yeni və daha geniş formada tətbiq etməyə imkan yaradır.

Qanunda ictimai iştirakçılığın həyata keçirilməsi üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə kimi formaları təsbit edilir.

Hesab edirəm ki, ilk növbədə ölkə başçısı tərəfindən 2 dəfə bu məsələyə diqqət edilməsinin səbəbini aydınlaşdırmaq lazımdır. Cənab prezident tərəfindən iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş və avqustun 6-da keçirilən müşavirələrdə bu məsələləri xüsusi olaraq vurğuladı. İlk müşavirədə prezident çox aydın mesaj verdi ki, dövlət qurumları qapılarını ictimaiyyətin üzünə açsın. Təklifləri qəbul etsinlər, fəaliyyətləri haqqında məlumatları  ictimaiyyətə çatdırsınlar.

C.Hüseynzadənin sözlərinə görə, dövlət başçısı sonuncu müşavirədə də eyni ilə səsləndirdi ki, imkan yaradın sizin fəaliyyətinizə ictimai nəzarət həyata keçirilsin:

"İctimai nəzarət tətbiq olunsun ki, dövlət qurumlarının fəaliyyəti şəffaf olsun, yeyinti halları olmasın. Prezident dövlət qurumlarının öz fəaliyyətinə ictimaiyyətin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasına imkan verməməsinə diqqəti çəkir. Bu qurumların qapalı fəaliyyətinə, ictimaiyyətə açıq olmamasına son qoymağı tələb edir.

Təəssüf ki, bu vaxta qədər cəmi 12 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai Şura yaradılıb. Digər qurumlar hələ də bu qanunun icrasını təmin etməyiblər.

Bu 12 ictimai şuranın formalaşmasında və fəaliyyətində də müəyyən qüsurlar var ki, bu da digər müzakirə mövzusudur. Maraqlıdır, niyə digər dövlət qurumları İctimai Şuraların yaradılmasına imkan vermirlər və yaxud ictimai iştirakçılığın digər komponentlərinin həyata keçirilməsinə şərait yaratmırlar".

Birlik sədrinin fikrincə, ölkə başçısının qeyd etdiyi həmin iradlar, məhz ictimai iştirakçılıq haqqında qanunda nəzərdə tutulan və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərlə bağlıdır:

- Təəssüf ki, bəzi dövlət qurumları vətəndaş cəmiyyətilə öz aralarına “qalın sədlər” hörüblər. Bəzi məmurlar tənqidi fikrə qarşı dözümsüzlük nümayiş etdirirlər. İctimai Nəzarətin həyata keçirilməsi üçün məlumatların əlçatanlığında ciddi problemlər var. Bir çox qurumlar monitorinq üçün lazım olan məlumatları bilərəkdən gizlədirlər və öz internet  səhifələrinə yerləşdirmirlər.

Bir sözlə, ictimai nəzarətin həyata keçirilməsi üçün bəzi dövlət qurumları tərəfindən problemlər yaradılır. Eyni zamanda onu da qeyd etməliyəm ki, QHT-lərin də üzərinə ciddi məsuliyyət düşür. QHT fəlsəfəsinin bir xüsusiyyəti də ondan ibarədir ki, müxtəlif yollarla bu məlumatları araşdırmaq və ictimai nəzarəti həyata keçirmək lazımdır.

Bu istiqamətdə QHT-lərin ixtisaslaşmasında müəyyən inkişaf  vacibdir. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndəsinin irəli sürdüyü tənqidi fikirlərin altında hesabat və monitorinqlər dayanmalıdır. Filan qurum işləmir, filan qurumda nöqsanlar var və s. kimi populist çıxışlar yolverilməzdir".

C.Hüseynzadə qeyd edib ki, bəzi dövlət qurumlarında QHT-lərlə iş yüksək səviyyədə təmin olunub, onların fəaliyyəti üçün imkanlar yaradılıb. 
- Hesab edirəm ki, dövlət başçısının çağırışları bəzi qurumlar üçün siqnal olacaq.

O mənada siqnal olacaq ki, artıq vətəndaş cəmiyyəti üçün maneələr yaratmaqdan əl çəkib, onlarla səmərəli əməkdaşlıq edəcəklər. İctimai nəzarətin təmin olunması üçün dövlət qurumları imkan yaratmalıdır.

Hər bir dövlət məmuru ölkə başçısından nümunə götürməlidir. Ölkə başçısı istənilən sahədə olan problemi media  vasitəsilə ölkə vətəndaşlarına çatdırır. Bu, ictimai nəzarətin ən mühüm nümunəsidir.  

Hesab edirəm, cənab prezident tərəfindən iyulun 23-də və avqustun 6-dakı müşavirədəki dövlət qurumlarının fəaliyyətində vətəndaş cəmiyyətinin iştirakı və ictimai nəzarət ilə bağlı çıxışları həm dövlət qurumları, həm də QHT-lər üçün yol xəritəsi olmalıdır.

Çox qısa və konkret formada Prezident ictimai iştirakçılıq və nəzarət ilə bağlı mövqeyini ortaya qoyub. Dövlət qurumları artıq özləri üçün nəticələr çıxarmalıdır".