Daha rəqabətli və şəffaf mühit yaradılır

Dövlət Holdinqi yaratmaqla korporativ idarəetmə sisteminə keçidə üstünlük verilib

Həmçinin, düşünmək olar ki, bu cür korporativ idarəetmə modeli ilə, korrupsiya risklərini azaltmaqla dövlət şirkətlərini xarici investorlar üçün də maraqlı və cəlbedici etmək nəzərdə tutulub


Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılır. Bununla bağlı avqustun 7-də Prezident İlham Əliyev fərman imzalayıb. Artıq AİH-nin nizamnaməsi də təsdiq edilib. Orada qeyd edilib ki, AİH onun idarəetməsinə verilmiş dövlət qurumlarının, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Habelə, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi də bu qurumun fəaliyyət sferasına daxildir.

Bəs, dövlət şirkətlərinin mərkəzləşdirilmiş qaydada, korporativ idarəetmə sisteminə keçidi hansı zərurətdən yarandı və faydası olacaqmı?

Yeni idarəetmə sisteminin yaradılması məsələsi ilə bağlı "Sherg.az"a açıqlama verən Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin sözlərinə görə, indiyə qədər dövlət müəssisələrinin, eləcə də dövlətin payı olan müəssisələrdə həmin payın idarə edilməsini ayrı-ayrı nazirliklər və digər dövlət oqranları həyata keçirirdi:

"Bu, dövlət müəssisələrinin idarə edilməsində vahid və koordinasiyalı yanaşmanın tam şəkildə tətbiqinə imkan vermirdi. Hesab edirəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilk növbətə bu problemin aradan qaldırılmasına kömək edə bilər. Dövlət müəssisələrinin vahid və koordinasiyalı yanaşma əsasında idarə edilməsi isə onların koorporativ idarəetmə standartlarına uyğunlaşdırılması işini sürətləndirə bilər.  Ancaq gələcəkdə hansı dövlət müəssisələrinin bu holdinqin idarəçiliyinə veriləcəyi də vacib məsələdir. Bunu da qarşıdakı günlərdə görəcəyik.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz  deyib ki, İnvestisiya Holdinqi yaradılmasında məqsəd liberallaşmaya və səmərəliliyə nail olmaq, şəffaf və rəqabətli mühit formalaşdırmaq, dövlət şirkətlərini özəlləşdirməyə hazırlamaq, xarici investisiyalar cəlb etmək, dövlət xərclərinə nəzarət etməkdir:

"Prezidentin bununla bağlı çıxışlarından hiss olundu ki, bu istiqamətdə uzun müddətdir ki, hazırlıqlar aparılırmış. Bir neçə gün öncəki çıxışında dövlət başçısı bildirdi ki, artıq təkliflər ona təqdim olunub.

Xatırlayıram ki, pandemiya yeni başlayan ərəfədə Prezident fərmanı ilə qəbul olunan tədbirlər planında da dövlət holdinqinin yaradılması nəzərdə tutulurdu. Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi formalaşandan sonra gözləmək olardı ki, hazırda müzakirə predmeti olan sahələrdə ciddi islahatlar olacaq, rəqabətli mühit formalaşacaq.

 Odur ki,  hərəsinin öz sahəsində "söz sahibi" olduğu dövlət şirkətlərinin vahid mərkəzdən idarə edilməsinə, Dövlət Holdinqi yaratmaqla korporativ idarəetmə sisteminə keçidə üstünlük verilib.

Bununla da,  müəyyən dövr üçün adıçəkilən sahələrdə daha hesabatlı və şəffaf mühit formalaşdırmaq, dövlət şirkətlərini özəlləşdirməyə hazırlamaq, uçot işlərini, xərclərə nəzarət işlərini qaydaya salmaq nəzərdə tutulur.

 Həmçinin, düşünmək olar ki, bu cür korporativ idarəetmə modeli ilə, korrupsiya risklərini azaltmaqla dövlət şirkətlərini xarici investorlar üçün də maraqlı və cəlbedici etmək nəzərdə tutulub".
 
O.Gündüzün sözlərinə görə, daha rəqabətli, hesabatlı və şəffaf mühit formalaşdırmaq, dövlət xərclərinə nəzarət etmək və səmərəliliyə nail olmaq baxımından, özəlləşdirməyə qədərki dövr üçün təklif olunan, birbaşa Prezident tərəfindən formalaşdırılan yeni korporativ idarəetmə sistemi faydalı və effektiv olacaq.  Bunun üçün dövlət başçısının da qeyd etdiyi kimi, dövlət və ictimai nəzarətin gücləndirilməsi vacibdir:

"Fikrimcə, liberallaşma və özəlləşdirmə istiqamətində atılan addımlar sürətləndirilməlidir. Səmərəsiz fəaliyyət göstərən, yalnız özünün yaşaması üçün dövlət resursundan istifadə edib biznes quran, dövlət üçün ağır yükə çevrilən, ən əsası isə özəlləri sıxışdıran və rəqabətə mane olan xeyli dövlət şirkətləri, MMC-lər, dövlət provayderləri və s. var.

 Özəllər üçün bu tip qurumlarla, faktiki olaraq dövlətin özü ilə rəqabət aparmaq indiki şəraitdə mümkünsüzdür. Hesab edirəm ki, yeni yaradılan Dövlət Holdinqi dərhal özəlləşdirilməyə çıxarılacaq qurumların siyahısını hazırlamalıdır".