“Hökumət də, xalq da Dağlıq Qarabağı azad etmək istəyir” 

“Prezident bütün çıxışlarında xalqa, bizim birliyimizə inanır. Biz də hökumətimizə güvənirik”

Dünən dövlət başçısı İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Ölkə rəhbəri bildirib: “Bu gün vaxtı ilə tərk edilmiş “Qarabağ” yatağına qayıtdığımız kimi, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”.

 Dövlət başçısının bu fikirləri barədə “Sherg.az”a danışan keçmiş millət vəkili Flora Qasımova Ermənistanın 30 ildir ki, mənfur xislətinə sadiq qaldığını söyləyib:

“Xainin bir üzü olur. Nə qədər gizlətməyə çalışsa da, bacarmır. Ermənistan sülh danışıqlarına sadiq qaldığını deyir. Əməli isə tamam başqadır. 

Düşmən apardığı təxribatlarla göstərir ki, ərazilərimizi qaytarmaq fikri yoxdur. Hətta digər torpaqlarımızı da işğal etmək niyyətindədir. İmkanı olsa, Bakıya da iddia edər. 

Əlbəttə, hökumət də, xalq da Dağlıq Qarabağı azad etmək istəyir. Prezident bütün çıxışlarında xalqa, bizim birliyimizə inanır. Biz də hökumətimizə güvənirik.  

Torpaqlarımızın azad olunacağına əminik. Amma hansı yolla? Ermənistan sülhə yaxın durmur. Deməli, ya indiyə kimi Ermənistana silah satan bəzi dövlətlər ona təzyiq göstərməli, ya da biz müharibəyə başlamalıyıq”. 

 Sabiq deputat Azərbaycan hökumətinin uğurlu siyasətindən də söz açıb: 

“Dövlətimiz o qədər uğurlu addımlar atır ki…Dostlarımızın, əməkdaşlıqlarımızın sayı günü-gündən çoxalır. Bu, gün kimi aydındır. Lakin bəzi xain qüvvələr görmək istəmirlər. Onlara necə etibar edəsən? Ermənistan isə havadarlarının dəstəyindən istifadə edir. Belə yerdə deyirlər ki, “arxalı köpək qurd basar”.