Həkim Rusiyanın vaksin oyununa inanmır: “Putinin siyasi gedişidir”

“Rusiyanın vəziyyəti ağırdır. Ona görə də belə bir məlumat yayıblar”

“Üstəgəl, vaksinin tapılması hələ nə isə demək deyil”

“Onun orqanizmə necə təsir edəcəyini müəyyənləşdirməkdən ötrü, ən azı, 4-5 il lazımdır”



Dünyada ilk dəfə Rusiyada koronavirus vaksini qeydiyyatdan keçib.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin elan edib.
“Bildiyim qədəri ilə dünyada ilk dəfə yeni koronavirus infeksiyasına qarşı vaksin qeydiyyatdan keçir”. 

Həmçinin, vaksinin ilk sınağının Putinin qızı üzərində aparıldığı deyilir. Nəhayət ki, sevinmək olarmı? Bəlkə də, yox. Axı siyasətdə hər şey, o cümlədən də yalan məlumatlar da məqbul sayılır. 



 Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında yayılan xəbərin səhihliyinə inanmadığını bildirib:

“Bir neçə dəfə buna oxşar məlumatlar yayılsa da, sonradan şayiə, dezinformasiya olduğu isbatlanıb. Hətta vaksinin tapıldığını deyənlər şarlatan qismində məhkəməyə cəlb ediliblər.

Odur ki, belə xəbərlər stimulyativ xarakter daşıyır. Üstəgəl, vaksinin tapılması hələ nə isə demək deyil. Onun özünü hansı formada göstərəcəyini, orqanizmə necə təsir edəcəyini müəyyənləşdirməkdən ötrü, ən azı, 4-5 il lazımdır”.

S.Cəlaloğlu bunu Putinin növbəti siyasi gedişi kimi qiymətləndirir:

“Rusiyanın vəziyyəti ağırdır. Ona görə də hökumət özünü diqqət mərkəzinə gətirmək, mövqeyini aktuallaşdırmaq məqsədilə belə bir məlumat yayıb. Bir daha təkrar edirəm ki, mən xəbərin doğrluğuna inanmıram”.