Pandemiya üzdü, siz də üzməyin...

İmtahana hazırlaşan abituriyentlərə ailəvi dəstək vacibdir

"Davamlı olaraq "Get dərs oxu!" demək yerinə, “daha rahat olmağın üçün nə edək, sənə necə dəstək ola bilərik?” kimi müraciətlər etsəniz daha təqdirəlayiq olar"

“Bu il hər şey təmamilə fərqli oldu. Koronavirus pandemiyası özü ilə həyatımıza yeni qaydalar, istiqamətlər gətirdi. Bütün bunlar  təhsil sistemindən də təsirsiz ötüşmədi. Dərslərin və hazırlıq kurslarının onlayn fəaliyyətə keçməsi, imtahan tarixinin uzadılması, dəqiq vaxtın bəlli olmaması  psixoloji cəhətdən onsuz da çətin keçən prosesi daha da   ağırlaşdırdı.

İstənilən sahədə qeyri-müəyyənlik insanda  narahatlıq və təhlükə hissi yaradır. Eləcə də indi.  Çünki abituriyentlər onları nəyin, hansı şərtlərin, qayda-qanunların gözlədiyini bilmirdilər“.

Bu sözləri “Sherg.az”a açıqlamasında klinik psixoloq, “Narınc” Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova ötən günlərdə qəbul imtahanlarında iştirak edən şagirdlər haqqında söyləyib. Onun fikrincə, son aylarda hazırlıq kurslarının intensivliyinin azalması imtahan stresini ikiqat artırıb: “Onu da qeyd edim ki,  abituriyentlərdən  çox valideynlər həyəcan, əsəb  halları keçirirlər.

Bu da onların uşaqlar üzərində təzyiqinin artmasına,  psixoloji cəhətdən hədsiz yüklənməsinə səbəb olur. Belə hallar da şagirdlərin imtahan stresini çoxaldaraq, nəticələrinin   aşağı olmasına gətirib çıxarır. Xüsusən bu pandemiya  dövründə valideynlərdən hər zamankından daha çox anlayış və səbr tələb olunur. Övladınıza həddindən artıq  təzyiq  göstərmək yerinə ona dəstək olmağın yollarını axtarmaq daha məqsədəuyğundur. Valideynlərin həyəcanı, övladının gələcəyi üçün təlaşlanması başadüşüləndir. Amma elə etmək lazımdır ki, bu narahatlıq uşağın gələcəyinə  maneçilik törətməsin. Əsasən abituriyentlər üçün psixoloji dəstəkdən  danışılır. Amma onların valideynlərinə  psixoloji kömək etmək də eyni səviyyədə önəmlidir”.

Narınc xanım valideynlərə hisslərini cilovlamaq, övladlarına dəstək olmaq üçün tövsiyələrini çatdırıb:

“İlk növbədə övladınıza dəyərli olduğunu hiss etdirin. Düşünməsin ki, imtahan nəticəsindən asılı olaraq sizin üçün  dəyəri azalacaq və ya artacaq. Çünki bu hissin özü belə insanda böyük yük və gərginlik yaradan psixoloji faktordur.

Sənin dəyərini  xarakterin, davranış və mədəniyyətin müəyyən edir. Bu imtahan sadəcə  gələcəyin üçün keçməli olduğun bir pillədir.

Unutmayın, imtahanlar keçəcək. Amma bu dönəmdə ona hansı formada dəstək olduğunuz, münasibətiniz  həyatında ömürlük  yaxşı və ya pis iz qoyacaq.  Ona görə də övladınızın gərginliyini azaltmaq, motivasiyasını artırmaq üçün birlikdə aktivliyi yüksək olan  məşğuliyyət təşkil edə bilərsiniz. Beləliklə  də içindəki mənfi, neqativ  enerjidən qurtulacaq, daha rahat olacaq.

Çünki pandemiya həyatımıza həm də hərəkət məhdudiyyəti gətirib. Artıq əvvəlki kimi sərbəst gəzib, dostlarla görüşüb, məktəbə hazırlığa və sair yerlərə gedə bilmirlər. Odur ki, içəridə xərclənilməyən enerji yığını qalır.

Bunu düzgün istiqamətləndirmək, hazırkı vəziyyətdə  biz valideynlərin üzərinə düşür. Bir də imtahana sayılı günlər qalanda onu oxumaq üçün  məcbur etməyin. Onsuz da aylardır, illərdir bu gün üçün çalışıb, oxuyub.

Davamlı olaraq "Get dərs oxu!" demək yerinə, “daha rahat olmağın üçün nə edək, sənə necə dəstək ola bilərik?” kimi müraciətlər etsəniz daha təqdirəlayiq olar. Unutmayın, üslub çox önəmlidir!”.