"Paşinyanın rüsvayçılıqları həm də arxasındakı siyasi elitanın təzahürüdür" - Politoloqun ŞƏRHİ


Ermənistan baş naziri Nikol Paşinyanın BBC-in "Hard talk" verilişindəki çıxışı dünya gündəmində geniş müzakirə olunur. Aparıcının verdiyi sualların xarakteri bir daha onu göstərir ki, artıq Qərb də Ermənistandan üz döndərir.

Bunun birinci səbəbi düşmən ölkədəki daxili proseslər və anti-demokratiyadırsa, ikincisi Paşinyanın Ermənistan- Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirməsidir. 

Bu müsahibə zamanı Paşinyan Münxen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. 

Politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, Paşinyanın bu rüsvayçılıqları təəccüblü deyil:

"BBC-dəki çıxışı Paşinyanın siyasi cəhətdən hazırlıqsız və təcrübəsiz olduğunu  bir daha göstərdi. Professional siyasətçi belə olmamalıdır. O,  özünü meydan lideri kimi aparır. Paşinyan baş nazir postuna təyin edilən təsadüfi adamdır. Özünü siyasi lider hesab edən həmin şəxsin rüsvayçılıqları həm də arxasındakı siyasi elitanın təzahürüdür". 

T. Abbasovun sözlərinə görə,  Ermənistanın yeritdiyi siyasətin müasir dünyada yeri yoxdur:

"Paşinyan başa düşməlidir ki, özünü yazıq cildinə salaraq kimlərdənsə kömək istəmək insan cəmiyyətində qəbul olunmur. Dünya daim irəli gedir, gələcək barədə düşünür, Ermənistan isə geriləyir. Bəzi ölkələr Ermənistana "can, can" desə də, heç biri ona kömək etmir. Çünki bunu istəmir. Ermənistan regionda mövqesizliyi ilə seçilir. Onun bu çürük siyasəti  heç vaxt pozitiv nəticə verməyəcək, əksinə, Ermənistanı getdikcə arxaya aparacaq. Belə getsə, Ermənistan yarıtmaz siyasəti ilə  öz başına "corab toxuyacaq"".