“Yol terroru” davam edir ! – “Zarafat, əsəb və əyləncə ölümə aparır”

“KİV – də yol hərəkəti təhlükəsizliyi barədə maarifləndirici materialların geniş yer alması olduqca vacibdir”



Həftə sonu ölkəmizdə baş verən yol qəzalarında 8 nəfər dünyasını dəyişib. İstirahət günləri respublikada baş verən yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 15-də respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bazar günü baş verən daha 2 qəza zamanı isə 5 nəfər həaytını itirib, 1 nəfər yaralanıb. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbi müxtəlifdir. Bəzi hadisələr sürücülərin məsuliyyətsizliyi və ya piyadaların diqqətsizliyi ucbatından baş verir. Eyni zamanda təhlükəli manverlər insan ölümlərinin çoxalmasına şərait yaradır. Bu baxımdan sürücülərə və piyadalara yol hərəkəti mədəniyyətinin aşılanması çox vacibdir.



Yol qəzalarına dair “Sherg.az”a danışan nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, bütün yol-nəqliyyat hadisələrinin kökündə kobud qayda pozuntuları var. Ekspertin fikrincə, yol qəzalar oxşar ola bilər:

“Sürət həddini aşmaq, müəyyən manevrlərin düzgün yerinə yetirilməməsi və.s hallar bədbəxt hadisələrə səbəb olur. Amma qəzalar oxşar olsa da, səbəblər müxtəlifdir. Ona görə də hər bir qəza hadisəsindən sonra Dövlət Yol Polisinin (DYP) müvafiq bölmələri tədqiqat aparır və hadisələrin baş vermə səbəblərini üzə çıxarırlar. Yol qəzaları əksər hallarda subyektiv səbəblər ucbatından baş verir.

Təəssüf ki, yollarda hərəkət edən insanlar, xüsusilə sürücülər nəqliyyat vasitəsini idarə edərkən mövcud qaydalara etinasız yanaşırlar. Sürücülər bəzi yollarda nəzarətin zəif olmasından sui-istifadə edirlər.

Dəfələrlə Bakı-Şamaxı yolunda hərəkətdə olarkən fikir vermişəm ki, sürücülər əksər hallarda DYP əməkdaşlarının harada durduqlarını yaxşı bilirlər. Sürət ölçən cihazları olmayan DYP əməkdaşları xidmət etməyən ərazilərdə kobud şəkildə qayda pozuntularına yol verirlər”.

A.Allahverənov vurğulayıb ki, istənilən halda yol hərəkətinin bütün iştirakçıları mövcud qaydalara əməl etməlidirlər:

“Çünki hər bir nişanın öz təyinatı var. Yol hərəkəti təhlükəsizliyi barədə danışarkən bir məsələni yaddan çıxarmalı deyilik: hər bir qaydanın özünün təyinatı var. Bəşəriyyət yol hərəkəti qaydalarına yüz illər ərzində gəlib çıxıb.

Yollarda cüzi qayda pozuntuları ağır faciələrin yaşanmasına qadirdir. İnsanları maarfiləndirərkən bir məsələni yaddan çıxarmamağı tövsiyə edirik: Ən sadə qaydaya belə əməl edilməsi mütləqdir. Çünki sadə dediyimiz qaydanın pozulması insan tələfatına gətirib çıxarır”.

Ekspert qeyd edib ki, yol zarafatı, çılğınlığı, əsəbiliyi sevmir:

“Statistik rəqəmlərə görə qəza sayları və ölüm halları azalıb. Bu da maarfiləndirmə nəticəsində əldə olunan müsbət tendensiyadır. Amma yenə də yol hərəkəti təhlükəsizliyi məsələsi bu gün aktual olaraq qalır.

İstənilən televiziya kanalı və internet səhifələrində yol hərəkəti təhlükəsizliyi barədə maarifləndirici materialların geniş yer alması olduqca vacibdir. Maarfiləndirmə və dolğun biliyin verilməsi sonradan yollarda baş verə biləcək hansısa faciələrin qarşısının alınmasına hesablanmalıdır”.